Azərbaycanda 20 min şəxsə birdəfəlik ödəniş verilmədi

Azərbaycanda işsiz kimi birdəfəlik ödəmə almaq üçün elektron qaydada müraciət edənlərdən 20 min şəxsin hazırda işsiz olmadığı müəyyən edilib.

Bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən məlumat verilib.

Bildirilib ki, onlara birdəfəlik ödəmə verilməsindən imtina olunmasına dair SMS göndərilib.

Xatırladaq ki, birdəfəlik ödəmə işsiz şəxslər üçün nəzərdə tutulub. Məqsəd dövlət tərəfindən onların rifahına dəstəyin göstərilməsidir. Bununla belə, işləyən, əməkhaqqı alan bir çox şəxslər də özünü işsiz kimi qeydiyyatdan keçirmək və birdəfəlik ödəmə proqramından yararlanmaq üçün müraciətlər ediblər.

Müvafiq elektron informasiya sistemləri üzərindən məlumatların təhlili aparılarkən şəxsin işsiz olub-olmadığı müəyyən edilir və buna uyğun olaraq obyekitiv qərar verilir.

Qeyd edilən 20 min şəxsin müraciətlərinin emalı zamanı onların hazırda əmək müqaviləsi əsasında işlədikləri məlum olub. Bu səbəbdən də, birdəfəlik ödəmə təyinatından imtina qərarı verilib. Həmin şəxslərə göndərilən mesajda da bu barədə və imtinanın səbəbi barədə məlumat verilir.

Müraciətlərin emalı davam edir.

2020-04-16 / 14:53
Facebook