Azərbaycandan İrana rəsmi etiraz

 

Azərbaycan Xarici İşlər nazirinin müavini Xələf Xələfovun İran Xarici işlər nazirinin müavini Abbas Əraqçı və səfir Cavad Cahangirzadə ilə telefon danışıqları baş tutub.

Danışıq zamanı X.Xələfov Azərbaycanın tərəfinin yüksək səviyyədə olan Azərbaycan İran əlaqələrini qorumaq üçün səylərini əsirgəmədiyini bildirərək pandemiya dövründə sərhədlərimizin bağlı olmasına baxmayaraq, ölkələrimiz arasında tranzit daşımalarını və ticarət əlaqələrini qoruduğunu bildirib. 

Nazir müavini eyni zamanda son günlər Ermənistan mətbuatında İran dövlət nömrə nişanlı yük avtomobillərinin Azərbaycanın işğal olunmuş ərazilərinə yanacaq, xammal və ərzaq daşımaları barədə məlumat və videogörüntülərin Azərbaycan hökumətinin ciddi narahatlığına və ictimaiyyətin dərin narazılığına səbəb olduğunu vurğulayıb. Belə halların baş verməsinin işğalçı Ermənistana dəstəyə və münaqişənin şiddətlənməsinə xidmət etdiyini qeyd edib.

Sözügedən məsələ ilə bağlı İranın Bakıdakı səfirliyinin təkzib bəyanatına istinad edən X.Xələfov İran tərəfinin Azərbaycan-İran ikitərəfli münasibətlərinin prinsiplərinə uyğun olaraq bu yayılan məlumatı və videogörüntüləri araşdıraraq Azərbaycan tərəfinə aydınlıq gətirəcəyinə ümidvar olduğunu bildirib.

İran Xarici İşlər nazirinin müavini İranın Azərbaycan ilə münasibətlərinə önəm verdiyini bildirərək dost və qardaş münasibətlərin davam etdiriləcəyini qeyd edib. 

O, İran-Azərbaycan mehriban dost münasibətlərinin düşmənlərinin mövcudluğunu qeyd edərək həmin qüvvələrin mütəmadi olaraq bu cür məlumatları ortaya ataraq iki tərəfli münasibətlərimizə xələl gətirməyə çalışdıqlarını vurğulayıb. 

A.Əraqçı videogörüntələrin ortaya çıxmasından dərhal sonra Bakıdakı səfirliyə məlumatın yalan olduğuna və təkzib olunmasına dair təlimatın verildiyini söyəyib. 

İranın Xarici İşlər nazirinin müavini, həmçinin pandemiya ilə mübarizəyə Azərbaycan hökumətinin etdiyi yardıma və pandemiya dövründə ölkə sərhədlərinin tranzit və yük daşımalar üçün açıq saxladığına görə təşəkkürünü bildirib.

Öz növbəsində, səfir Cavad Cahangirzadə Azərbaycan və İran prezidentlərinin dostluq münasibətlərini qeyd edərək ikitərəfli münasibətlərə önəm verdiklərini qeyd edib.

Səfir eyni zamanda Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin Azərbaycan-İran münasibətlərinə daim qayğı göstərdiyinə və İslam Respublikasına pandemiya ilə əlaqədar göstərilən köməyə, tranzit daşımalarına imkan yaradılmasına görə İran tərəfinin dərin minnətdarlığını ifadə edib.   

 
2020-04-16 / 11:13
Facebook