Azərbaycan dünyanın nadir ölkələrindən biridir ki, bu böyük bəlaya-koronavirus pandemiyasına qarşı sistemli mübarizə aparır.
Bunu Trend-ə açıqlamasında Milli Məclisin deputatı, akademik Ziyad Səmədzadə bildirib.
Deputat əlavə edib ki, məsələ ilə bağlı bəzi rəqəmləri müqayisə etmək olar:
"ABŞ-ın əhalisi Azərbaycan əhalisindən 35 dəfə çox olsa da, orada koronavirusa yoluxanları sayı bizdəkindən 500 dəfə yüksəkdir. Yaxud da, İtaliyanın əhalisi Azərbaycan əhalisindən 6-7 dəfə çoxdur, amma orada koronavirusa yoluxanların sayı bizdəkindən 100 dəfə yüksəkdir. Nə üçün belə bir fərq yaranıb? Fərq ona görə yaranıb ki, Azərbaycan dövləti, Prezident İlham Əliyev ilk gündən bu bəlaya qarşı mübarizəyə hamını bütövlükdə səfərbər edib, sərəncamlar, fərmanlar imzalayıb. Birinci vitse-prezident Mehriban xanım Əliyeva iki dəfə Azərbaycan xalqına müraciət edib. Gündən-günə artan, ciddiləşən tədbirlərin nəticəsində biz artıq bu bəladan qurtulmağa doğru yaxınlaşırıq.
Amma görüləsi işlərimiz də çoxdur və onlardan biri də hamının, Azərbaycan dövlətinin səsləndirdiyi “Evdə qal, sağlam qal!” kampaniyasıdır. Bu kampaniya insanların, xalqın sağlamlığının qorunması üçün aparılan kampaniyadır. Bu, bizim ətrafımızda olan uşaqlarımızın, övladlarımızın, nəvələrimizin, bütün insanlarımızın qorunması üçün çox vacibdir. Mən də bu kampaniyanı çox məhsuldar keçirirəm, gecə-gündüz işləyirəm ki, boş vaxtım qalmasın. Mən onsuz da boş-bekar dayanan insan deyiləm, həm evin içində hər gün gün on min addım gəzirəm, həm də yazıram-pozuram, dostlarımla danışıram və sair”.
Z. Səmədzadə postpandemiya dövrünə də toxunub və Azərbaycanla bağlı nikbin olduğunu deyib:
“Ölkəmizlə bağlı müsbət proqnoz vermək, nikbin danışmaq üçün əsaslarımız var. Eyni zamanda, digər məqamlar da var. Azərbaycan dünyanın bir parçasıdır. Azərbaycan 180-dən çox ölkə ilə iqtisadi əməkdaşlıq edir. Bu əməkdaşlığın səviyyəsi müxtəlif olsa da, balaca rəqəm deyil. Hesab edirəm ki, bu ölkələrdə iqtisadi artım xeyli aşağı düşəcək. Əgər Ümumdünya Ticarət Təşkilatının (ÜTT) məlumatlarına baxsaq görərik ki, orada dünyada ticarətin 30-35 faiz azlacağı və bunun hamıya təsir edəcəyi qeyd olunur. Amma bizim gücümüz, birliyimiz bu təsirlərin minimuma endirilməsi üçün əsas yaradır. Cənab Prezident fərmanlar, sərəncamlar imzalayıb və bu sənədlərə əsasən Azərbaycan iqtisadiyyatının zəif tərəflərini aradan qaldırmaq, iqisadi inkişafın azalmasının qarşısı almaq nəzərdə tutulur. Nazirlər Kabinetində Baş nazirin iştirakı və rəhbərliyi ilə Operativ Qərargah yaradılıb.
Mən həmişə nikbin insanam, eyni zamanda elə məsələlər var ki, onlar bizdən asılı deyil. Neftin qiyməti aşağı düşüb, gəlirlər azalıb, ancaq Azərbaycanın son 20 ildə yaratdığı iqtisadi potensial bu bəladan az itkilərlə çıxmağa bizə çox güclü mənbə yaradır. Qısa zaman kəsiyində İtisadiyyat, Əmək və Əhalinin Sosila Müdafiəsi nazirlikləri işsizliyə, iş yerlərini itirmək məcburiyyətində qalanlara görə nə qədər vəsait ayırıb. 3 milyard manat az, balaca rəqəm deyil. İlin-günün bu vaxtında, dünyanın böhran yaşadığı bir dövrdə bu tədbirlər üçün dövlət büdcəsindən 3 milyard manat vəsait ayrılıb. Bu, bizim dövlət büdcəsinin 10 faizi deməkdir. Amma eyni zamanda, Azərbaycan dövləti dəyə biləcək ziyanları, təsirləri minimuma endirmək müəyyən tədbirləri də görməlidir. Biz özümüzü ərzaqla təmin etməliyik, bu, bizim-Azərbaycan xalqının gələcəyi, ölkəmizin müstəqilliyi üçündür. Bəli, böhranın müəyyən təsirləri olacaq, amma dövlət basçısının tapşırığı ilə görülən işlər proqnozlarımızın nikbin olmasına əminlik yaradır".
Ziyad Səmədzadə bildirib ki, bizim valyuta ehtiyatlarımız var, dünyanın heç bir ölkəsindən asılı deyilik və müstəqil siyasət yeridirik:
"Bizim opponentlərimiz həmişə ABŞ-ı, Avropa ölkələrini nümunə göstərirdilər ki, bunlar demokratiyanın ən uca zirvələri, nöqtələrdir və ya Avropa dəyərləri ən yüksək dəyərlərdir və s. Budurmu Avropa dəyərləri ki, qısa zaman kəsiyində onlar bir-birini tanımaqdan uzaqlaşdılar, çətin anda bir-birindən uzaqda oldular? Ancaq iki gün bundan öncə ölkə Prezidentinin təşəbbüsü ilə Türk Şurasının dövlət və hökumət rəhbərlərinin videokonfrans vasitəsilə Zirvə görüşü baş tutdu. Hər birimiz qürur duymalıyıq ki, Azərbaycan dünyada yaşanan bu bəlaya qarşı mübarizə üçün Türk dövlətlərini bir araya gətirdi, Ümumdünya Səhiyyə Təşkilatının (ÜTT) rəhbəri Azərbaycan haqqında xoş sözlər dedi. Yəni, Azərbaycan dövlətinin gördüyü işlər o qədər böyük, geniş miqyaslı və əhatəlidir ki, bunu hər kəs dərk etməlidir. Amma bəzən görürsən ki, bəziləri deyilənlərə qulaq asmırlar, özbaşınalıq, məsuliyyətsizlik edirlər. Bunlar olmamalıdır”.