Elman Rüstəmov: “Neftin bugünkü qiyməti Azərbaycan iqtisadiyyatı üçün təhlükəli deyil"

“Azərbaycan iqtisadiyyatı neftin ucuzlaşmasına kifayət qədər dayanıqlıdır”.

 Bunu REAL TV-yə açıqlamasında Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Elman Rüstəmov bildirib.

“2015-ci ildən sonra ölkədə bir sıra tədbirlər görülüb, iqtisadiyyat neftin yeni qiymətləri üzərində tarazlaşdırılıb. Həm sosial-iqtisadi inkişaf proqnozlarında, həm də dövlət büdcəsində neftin qiyməti azaldılıb. 2015-ci ildə həmin qiymət 90 ABŞ dolları götürülmüşdü, 2020-ci ildə isə 55 ABŞ dollarına endirilib. Bundan başqa, büdcə qaydalara qəbul olunub, Azərbaycan manatının məzənnəsi 1 ABŞ dolları 1,7 manata bərabər olmaqla sabitləşdirilib, 2018-2019-cu illərdə milli valyutanın ucuzlaşması deyil, bahalaşması ilə bağlı təzyiqlər baş verib. Bu illər ərzində valyuta ehtiyatları yaradılıb”, - o qeyd edib.

“Əlbəttə, neftin 55 dollarlıq qiyməti kifayət qədər yüksəkdir, ölkədə sosial-iqtisadi inkişaf proqramları reallaşdırmağa, iqtisadi inkişafa dəstək verməyə, iqtisadiyyatı sabit saxlamağa imkan verir. Xüsusilə ötən il Azərbaycanda böyük sosial paketlər reallaşdırılıb. Bu gün neft ucuzlaşsa da, hesab edirəm ki, qiymət Azərbaycan üçün təhlükəli deyil. Üstəlik, ölkənin valyuta ehtiyatları var ki, bu da illik ümumi daxili məhsula (ÜDM) nisbətdə 110%-ə bərabərdir. Xarici dövlət borcumuzun isə ÜDM-ə nisbəti əvvəlki illərlə müqayisədə xeyli aşağıdır. Bütün bunlar bizə indiki vəziyyətə nikbin baxmağa imkan verir. 

Əgər neftin ucuzlaşması qısamüddətli olsa, Azərbaycan bundan cüzi itki ilə çıxacaq. Çünki ilin əvvəlindən bəri orta qiymət 58 ABŞ dolları olub. Neftin qiyməti 40-50 və yaxud 30-40 ABŞ dolları arasında qərarlaşsa belə, Azərbaycan iqtisadiyyatında kifayət qədər makro iqtisadi dayanıqlılıq var və maliyyə sabitliyi təmin edilə bilər”, - AMB sədri əlavə edib. 

2020-03-12 / 19:19
Facebook