Milli Məclisin deputatı Tahir Mirkişili dünya bazarında neftin qiymətinin ucuzlaşmasına münasibət bildirib.
Millət vəkili bildirib ki, keçən həftə OPEK+ ölkələri arasında, xüsusilə də Rusiya və Səudiyyə Ərəbistanı arasında istehsal həcminin azaldılması ilə bağlı razılığın əldə olunmaması neftin qiymətinin düşməsini şərtləndirirdi: "Səudiyyəlilər bazardan gündə 1.5 milyon barel neftin çıxarılmasını təklif etsələr də, rusiyalılar bundan imtina ediblər. Nəticədə Səudiyyəlilər əks qərar verərək neft istehsalının artırılmasına qərar verib və bütün bazarlar üçün qiymət təklifini aşağı salıblar.
Beləliklə, neft bazarı 3 qat zərbə almaqdadır: şok təklif (Səudiyyə neftinin həcminin artması), şok tələb (Koronavirus epidemiyasının yayılması nəticəsində tələbin azalması) və artıq nefti bazardan yığışdıra və situasiyanı tənzimləyə bilən balanslaşdırıcı mexanizmin olmaması.
1930-cu ildən sonra keçən 90 il ərzində belə toksik kombinasiya heç zaman olmayıb. 1930-cu illərdə "Böyük Depressiya" zamanı Texasda Qara nəhəng yatağının kəşf olunması bazarda təklifi xeyli artırdı və neftin qiyməti o zaman 1 dollardan da aşağı düşmüşdü.
Hazırda bir çox təhlilçi mərkəzlər neftin 1 barelinin 20 dollara qədər düşəcəyini proqnozlaşdırırlar".
İqtisadçı deputat bu prosesin Azərbaycana təsirindən də danışıb: "Neft qiymətinin kəskin düşməsi neft ixrac edən ölkələrin iqtisadiyyatına təsirsiz ötüşməyəcək. Amma hazırda Azəraycan gündə orta hesabla 540 min barel xam neft ixrac edir. 2019-cu ildə bütövlükdə ixracımız idxalımızdan 8 milyard dollar çox olub (qızıl idxalını nəzərə almasaq). Xam neft ixracımız 15 milyard dollara yaxın olub. 2019-cu ilin 9 ayının yekunlarına görə tədiyə balansında neft-qaz sektoru üzrə profisit 9.9 mlrd dollar, qeyri-neft sektorunda isə defisit 4.8 mlrd dollar olub.
Dövlət Neft Fondunun 2020-ci il üçün gəlirləri 12.4 milyard manat, bu gəlirləri isə 11.4 milyard manatı (92%-i) dövlət büdcəsinə transfert üçün nəzərdə tutulub.
Neftin qiymətinin dəyişməsini Azərbaycan iqtisadiyyatına təsirindən danışarkən 3 ssenarini nəzərə almaq lazımdır: Qısamüddətli, Ortamüddətli, Uzunmüddətli. Öncə deyək ki, neftin qiyməti dövlət büdcəsində 1 barelinin qiyməti 55 dollar həddində götürülüb. Yəni, neftin 1 barelinin qiymətinin 30 dollar həddində olması Azərbaycanın hər gün nəzərdə tutulmuş gəlirdən sadə hesabla 13.5 milyon dollar az gəlir əldə etməsinə səbəb olacaq.
Sadə formada hesablasaq: Qısamüddətli ssenaridə neftin qiyməti 1 ay bu həddə qalarsa, iqtisadiyyatımız 405 milyon dollar az gəlir əldə edəcək. Ortamüddətli ssenarida, neftin qiyməti 5 ay bu həddə qalarsa, iqtisadiyyatımız 2 milyard dollar az gəlir əldə edəcək. Uzunmüddətli ssenaridə neftin qiyməti 9 ay bu həddə qalarsa, iqtisadiyyatımız 3.6 milyard dollar az gəlir əldə edəcək.
Yuxarıda göstərdiyimiz kimi, bu ssenarilərin heç biri Azərbaycan iqtisadiyyatında ciddi təlatümlər yaradabiləcək səviyyədə deyil. Burada kifayət qədər digər amillər də var ki, daha geniş yazmaq olar. Tədiyə balansının 5.1 milyard dollarlıq müsbət saldosu, ixracın idxalı 8 milyard dollar üstələməsi neft qiymətlərinin belə kəskin düşməsinin ölkə iqtisadiyyatına təsirini minimallaşdırır. Eyni zamanda, son illər Azərbaycan Prezidenti tərəfindən həyata keçirilən islahatlar, qeyri-neft sektorunun sürətli inkişafı, qeyri-neft ixracının artım sürətinin yüksək olması belə təsirləri minimallaşdırır. Ölkədə həyata keçirilən şəffaflaşma tədbirləri nəticəsində dövlət büdcəsi gəlirlərinin son 2 ayda 250 milyon manat artması büdcə öhdəliklərinin də yerinə yetirilməsi baxımından mühüm nəticədir.
Düşünürük ki, neftin qiymətinin bu həddə enməsi əsasən Səudiyyə Ərəbistanı ilə Rusiya arasında "neft müharibəsi”nin nəticəsidir. İstehsalın artırılması və qiymətlərin düşməsi heç bir ölkə üçün iqtisadi cəhətdən sərfəli deyil. Digər tərəfdən, hesablamalara görə Səudiyyə İqtisadiyyatı neftin qiymətinin 84 dollar, Rusiya iqtisadiyyatı isə qiymətin 42.5 dollar həddə olmasına dözə bilərlər. Bu şərtlər daxilində qiymətin uzun müddət aşağı həddə qalması inandırıcı görünmür.
Azərbaycan iqtisadiyyatının kifayət qədər imkanları toplandığından belə təsirlərin Azərbaycan manatını yenidən devalvasiyaya uğradacağı ehtimalları minimaldır, demək olar ki, yoxdur. Əhalini ən çox düşündürən bu sualın cavabına iqtisadçı olaraq demək istərdim ki, təlaşa ehtiyac yoxdur, neft bazarının bu cür dəyişkənliyinə öyrəşmək lazımdır".