Heydər Əliyev Fondu anadangəlmə bullyoz epidermoliz diaqnozu ilə dövlət qeydiyyatında olan 18 yaşınadək şəxsləri dərman preparatları ilə təmin edib.
Fondun əməkdaşları Bakı, Ağsu, Ağdam, Astara, Biləsuvar, Xızı, İmişli, Qazax, Masallı, Sabirabad və Şamaxıda olaraq bir il ərzində istifadə edilməsi nəzərdə tutulan 42 adda dərman preparatını, eyni zamanda həkimin fərdi qaydada yazdığı resept və tövsiyə məktubunu müvafiq ailələrə çatdırıb.
Xatırladaq ki, səhiyyə və sosial sahələrdə fəaliyyət Heydər Əliyev Fondunun prioritet istiqamətlərindəndir. Əhalinin səhiyyə problemlərinin aradan qaldırılmasında yaxından iştirak edən Fond eyni zamanda “Diabetli uşaqlara ən yüksək qayğı”, “Talassemiyasız həyat naminə”, ürək qüsurlu uşaqların əməliyyatına dəstək, “Koxlear implantasiya” kimi layihələr həyata keçirir.