Bu gün Şəmkir rayonunun Kür qəsəbəsində Heydər Əliyev Fondunun təşəbbüsü ilə əsaslı təmir edilən körpələr evi-uşaq bağçasının açılışı olub.
240 yerlik körpələr evi-uşaq bağçasında 2 yaşından 6 yaşınadək olan uşaqlara təhsilin ilkin mərhələsi tədris ediləcək. Azyaşlı sakinlərin zövqünə uyğun qurulan bağçada onların rahatlığını, istirahətini və ilkin biliklərə yiyələnməsini təmin etmək üçün şərait yaradılıb və müvafiq inventarla təchiz edilib.
Burada müxtəlif yaş qrupları üçün məşğələ otağı, rəsm, idman və musiqi zalları, yeməkxana var. Uşaqların maraqları nəzərə alınaraq bağçanın həyətində müxtəlif istirahət guşələri yaradılıb.
Tədbirdə son illər ölkəmizdə məktəbəqədər təhsil müəssisələrinin maddi-texniki bazasının möhkəmləndirilməsi istiqamətində həyata keçirilən tədbirlər barədə məlumat verilib.
Şəmkirdə, həmçinin Heydər Əliyev Fondunun təşəbbüsü ilə yeni inşa edilmiş 5 saylı körpələr evi-uşaq bağçasının açılışı olub.
Tədbirdə çıxış edənlər Azərbaycan Prezidenti İlham Əliyevin və Birinci vitse-prezident Mehriban Əliyevanın məktəbəqədər təhsilə göstərdiyi diqqət və qayğından, bu istiqamətdə görülən işlərdən və körpələr üçün yaradılan şəraitdən danışıblar. Bildirilib ki, 5 saylı körpələr evi-uşaq bağçası 75 yerlikdir və müasir avadanlıqlarla təchiz olunub, burada körpələrin məktəbəqədər təhsili üçün şərait yaradılıb.