Bakıda keçirdiyi qəza ilə bağlı Türkiyədə müalicə olunan hüquq müdafiəçisi Oqtay Gülalıyevin durumunda irəliləyiş müşahidə olunur.
Bu barədə O.Gülalıyevin oğlu Təbriz Gülalıyev xəbər yayıb. O bildirib:
"Atam Oktay Gülalıyevin durumunda irəliləyiş müşahidə olunur. Son 2 gündə qızdırması olmayıb və nəfəs alması yaxşılaşıb. Həmçinin, böyrəklərində olan keratinin səviyyəsi azalmağa doğru gedir. Tez bir zamanda daha yaxşı xəbərlər vermək diləyi ilə.
Atama dəstək olan hər kəsə ailəmiz adından öz dərin təşəkkürümü bildirirəm!".
Xatırladaq ki, oktyabrın 29-u saat 17:20 radələrində paytaxtın Nəsimi rayonu ərazisində - 28 May küçəsi ilə Puşkin küçələrinin kəsişməsində taksi fəaliyyəti ilə məşğul olan sürücü Kənan Abdullayev idarə etdiyi “Hyundai Accent” markalı avtomobillə yolu keçən piyada, hüquq müdafiəçisi Oqtay Gülalıyevi vurub.
Nəticədə ağır xəsarət alan hüquq-müdafiəçisinin beyninə qan sızıb. Hazırda onun müalicəsi Heydər Əliyev Fondunun dəstəyi ilə Türkiyədə Amerikan Xəstəxanasında davam etdirilir.