Qadınlardan ibarət şahmat millmizin Batumidə keçirilən Avropa çempionatında 3-cü yeri tutması tarixi nəticədir. Qızlarımızın bürünc medalları əldə etməsi Teymur Rəcəbovun Dünya Kubokunu qazanması qədər gözlənilməz idi.
Bu xanımlarımızın 27 il sonra ölkəmizin aktivinə yazdığı medaldır. 1992-ci ildə də komandamız eyni uğura imza atmışdı.
Ermənistan üzərində qazanılan qələbə ilə “bürünc”ə sahib çıxmağımız nəticənin dəyərini bir az da artırır. Məhz bir gün öncə kişilərimizin məğlubiyyətindən sonra bu qələbə yığmamız üçün çox vacib idi.
Qələbəni ölkəmizə qazandıran Günay Məmmədzadə də belə düşünür. “Qafqazinfo”ya danışan xanım şahmatçımız qələbənin Ermənistan üzərində qazanılmasının əhəmiyyətindən və gözlənilməz uğurdan söz açıb: “Yarışda ilk dəfə ən yüksək reytinq sıralamasında idik. 5-ci nömrə idik. Təbii ki, istəyimiz medal qazanmaq idi və buna inanırdıq. Lakin yarış ərzində bu barədə düşünmürdük. Çünki bu bizdə əks-effekt yaradıb psixoloji gərginliyə gətirib çıxara bilərdi. İnansaq da, düşünmürdük. Kifayət qədər yaxşı oynadıq. Ermənsitanla oyuna gəlincə, bizi heç-heçə də qane edirdi. Lakin biz qalib gəlmək fikrində idik. Xüsusilə də kişilərdən ibarət komandamızın Ermənistana məğlubiyyətindən sonra bu vacib idi. İkiqat sevinc oldu”.
Məmmədzadə kişilərdən ibarət komandamızın ermənilərə uduzmasının onlara motivasiya verdiyini də sözlərinə əlavə edib: “Əlbəttə ki, biz həmin məğlubiyyətdən sonra daha çox motivasiya olduq. Kişilərdən ibarət komandamızın gəlib bizə dəstək olması bir az da istəyimizi artırdı. Ermənistanın da kişilərdən ibarət millisi zala gəlib qadınlardan ibarət komandalarına dəstək olurdular və qələbə gözləyirdilər. Lakin onların düşündüyünün əksi oldu və biz qalib ayrıldıq”.
19 yaşlı qrossmeysterimiz ilk löhvədə qazandığı qələbə ilə komandamızın qalibiyyətini rəsmiləşdirməsini də şərh edib. O, erməni Lilit Mkrtçyanı məğlub etdiyi anları belə xatırlayıb: “Normal gedişat idi. Açılışda üstünlük qazandım. Vaxt azlığı yarandı və rəqib səhvlər etməyə başladı. Nəticədə həlledici üstünlük əldə etdim və ona qalib gəldim”.
Xanım şahmatçımız Şəhriyar Məmmədyarovun sosial şəbəkədə “kişilər bu dəfə kişi kimi oynamadı” açıqlamasına isə belə münasibət bildirib: “Düşünürəm ki, bu adi bir sözdür. Yəqin ki, özlərindən daha yaxşı çıxış gözləyirdilər. Gözləntilərindən aşağı çıxışı belə şərh edib”.
Məmmədzadə iki dəfə Avropa çempionu və dünya çempionu olsa da, Batumidə qazanılan medalın çəkisinin daha çox olduğunu da bildirib: “Hər bir medalın öz yeri var. Fikrimcə, Batumidə qazanılan medalın çəkisi daha çoxdur. Çünki biz bunu komanda şəklində qazanmışıq. Burda 5 nəfərin əməyi, əziyyəti var”.