Aida xanım İmanquliyevanın zahiri gözəlliyi zəngin mənəvi dünyası, həssas qəlbi ilə harmoniya təşkil edirdi. Böyüklə böyük, uşaqla uşaq kimi davranar, ona müraciət edənlərdən köməyini əsirgəməzdi. Qısa, lakin mənalı ömründə həm elmin zirvəsini fəth edə bildi, həm də əhatəsində olduğu insanların əbədi sevgisini qazandı. O, görkəmli şərqşünas alim, istedadlı pedaqoq olmaqla yanaşı, səmimi, mehriban, nəcib insan, gözəl övlad və həyat yoldaşı, fədakar ana idi.
Azərbaycan şərqşünaslığında ilk qadın elmlər doktoru, professor Aida İmanquliyevanın doğum günündə onun həyat və fəaliyyətinin bəzi məqamlarına nəzər salır.
Aida Nəsir qızı İmanquliyeva 1939-cu il oktyabrın 10-da Bakıda ziyalı ailəsində anadan olub. 1957-ci ildə Bakı şəhəri 132 nömrəli orta məktəbi qızıl medalla bitirib və Azərbaycan Dövlət Universitetinin (indiki Bakı Dövlət Universiteti) şərqşünaslıq fakültəsinin ərəb filologiyası bölməsinə qəbul olunub. Universiteti bitirəndən sonra bu təhsil müəssisəsinin Yaxın Şərq xalqları ədəbiyyatı tarixi kafedrasının aspirantı olub, həmçinin keçmiş SSRİ EA Asiya Xalqları İnstitutunun aspiranturasında təhsil alıb. İyirmi yeddi yaşında namizədlik dissertasiyasını müdafiə edən Aida İmanquliyeva Azərbaycan EA Şərqşünaslıq İnstitutunda əmək fəaliyyətinə başlayıb. İstedadı, zəhmətsevərliyi hesabına kiçik elmi işçidən baş elmi işçi, şöbə müdiri, elmi işlər üzrə direktor müavini və nəhayət, direktor vəzifəsinədək yüksəlib.
1989-cu ildə Tbilisi şəhərində doktorluq dissertasiyası müdafiə edən Aida İmanquliyeva çox keçmədən bu ixtisas üzrə professor adı alıb.
Dərin nəzəri bilikləri, analitik təfəkkürü, geniş erudisiyası, zəngin mütaliəsi, bir neçə Şərq və Qərb dillərini bilməsi apardığı tədqiqatların və yazdığı əsərlərin uğurunu şərtləndirən əsas amillər idi. Üç monoqrafiya (“Mixail Nüaymə və “Qələmlər birliyi”, “Cübran Xəlil Cübran”, “Yeni ərəb ədəbiyyatı korifeyləri”) və 70-dən çox elmi məqalənin müəllifi Aida İmanquliyeva Şərq filologiyası sahəsində yazılmış bir çox elmi əsərlərin redaktoru olub. Azərbaycan EA Şərqşünaslıq İnstitutunda fəaliyyət göstərən “Asiya və Afrika ölkələri xalqları ədəbiyyatları” ixtisası üzrə müdafiə şurasının sədri seçilib. Azərbaycan şərqşünaslıq elmini keçmiş SSRİ məkanında və onun hüdudlarından kənarda layiqincə təmsil edib.
Aida xanım elmi-təşkilati fəaliyyətində yüksəkixtisaslı ərəbşünas kadrlar hazırlanmasına böyük diqqət yetirirdi. Rəhbəri olduğu Ərəb filologiyası şöbəsində qısa müddətdə 10-dan çox namizədlik dissertasiyası müdafiə edilmişdi.
Ümumittifaq Şərqşünaslar Cəmiyyəti Rəyasət Heyətinin, Şərq ədəbiyyatlarının tədqiqi üzrə Ümumittifaq Koordinasiya Şurasının üzvü olan Aida İmanquliyeva uzun illər səmərəli pedaqoji fəaliyyət göstərib, Azərbaycan Dövlət Universitetində ərəb filologiyası fənnindən mühazirələr oxuyub.
Professor Aida İmanquliyeva Azərbaycanda Şərq-Qərb ədəbi əlaqələrini sistemli şəkildə araşdıran ilk azərbaycanlı alimdir. Onun çoxsaylı elmi əsərlərində Qərb və Şərq mədəni ənənələrinin sintezi, yaradıcı üslubun inkişafı və yeni bədii üslubun təşəkkül tapması tədqiq olunur ki, bu da nəinki ərəb, həmçinin bütün yeni Şərq ədəbiyyatlarının həmin aspektdə tədqiqi üçün mühüm zəmin yaradır. Bu əsərlərdə müəllif öz dövrünü xeyli qabaqlayaraq, Şərqlə Qərb mədəniyyətlərinin bir-birinə təsirini elmi cəhətdən əsaslandırıb.
Adı dünya şöhrətli şərqşünaslarla bir sırada çəkilən Aida İmanquliyevanın maraq dairəsi geniş və çoxşaxəli idi. Lakin onun çoxsaylı elmi araşdırmalarının əsas obyekti ərəb məhcər ədəbiyyatı olub. Aida xanım ərəb məhcər ədəbiyyatının beynəlxalq miqyasda ən sanballı tədqiqatçısı sayılırdı. Bunu nəinki Azərbaycan və keçmiş sovet ərəbşünasları, hətta Avropa şərqşünasları belə etiraf edirlər. Alim dərin araşdırmalar nəticəsində bu qənaətə gəlir ki, ərəb ədəbiyyatı xarici ədəbiyyatların nailiyyətlərindən bəhrələnməsində ilk növbədə məhcər ədəbiyyatı nümayəndələrinə borcludur. Onlar Qərb ədəbiyyatının ən yaxşı nailiyyətlərini mənimsəyərək özünəməxsus şəkildə inkişaf etdiriblər. Əsərlərində milli ruhu və milli koloriti qoruyub saxlayan bu yazıçılar yeni ərəb ədəbiyyatının inkişafında əvəzsiz rol oynayıblar. Məhz onların yaradıcılığı sayəsində XX əsr ərəb ədəbiyyatının mövzu dairəsi genişlənib, janr tərkibi zənginləşib, bədii ifadənin yeni formaları yaranıb və ərəb ədəbiyyatı bəşər mədəniyyətinin ayrılmaz hissəsinə çevrilib.
Aida xanımın daha bir xidməti cəmiyyət üçün layiqli övladlar böyütməsidir. Həyatını elmə həsr edən böyük qızı Nərgiz Paşayeva M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin Bakı filialının rektoru, Azərbaycan Milli Elmlər Akademiyasının vitse-prezidentidir. Bu ailənin ikinci qızı – Mehriban Əliyeva Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti, UNESKO-nun və İSESKO-nun xoşməramlı səfiridir. Mehriban Əliyeva deyir ki, onda məsuliyyət hissini, hər bir işin əvvəlindən maksimum nəticə əldə etməyə çalışmağı, özünə tələbkar və intizamlı münasibəti anası - nəcib, parlaq, prinsipial, istedadlı, məğrur, son dərəcə gözəl bir xanım olan Aida İmanquliyeva aşılayıb.
Sevgi dolu ürəyə, incə və həssas qəlbə malik Aida xanımın yoxluğundan 27 il ötsə də, xatirəsi yaddaşlarda yaşayır. Bu gün də təkrar-təkrar oxunan, təhlil və tədqiq edilən, müxtəlif dillərə tərcümə olunan əsərləri, elmi monoqrafiyaları aktuallığını qoruyub saxlayır. Gənc nəsil Aida İmanquliyevanın əsərlərinə daim müraciət edir. Onun intellektual irsi müasir dövrümüzdə Azərbaycanla ərəb ölkələri arasında ədəbi-elmi körpü rolunu oynayır.