Səbail rayonunun Bayıl qəsəbəsində yaşayan F.Musayev Rayon Polis İdarəsinin 8-ci polis bölməsinə müraciət edərək yaşadığı evdən içərisində 1800 ABŞ dolları olan seyfin naməlum şəraitdə oğurlandığını bildirib.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən bildiriblər ki, cinayəti törətməkdə şübhəli bilinən Bakı şəhər sakinləri əvvəllər məhkum olunmuş Kənan Nəcəfov, Ceyhun Cəbiyev və Səbinə Atakişiyeva Səbail Rayon Polis İdarəsinin Cinayət Axtarış Şöbəsi və 8-ci polis bölməsi əməkdaşları tərəfindən həyata keçirilən təxirəsalınmaz əməliyyat nəticəsində saxlanılıblar.
Araşdırma zamanı müəyyən edilib ki, dəstənin üzvü olan S.Atakişiyeva zərərçəkmiş şəxsin qonşusudur. O, həmin mənzilin açarlarını ələ keçirəndən sonra digər dəstə üzvləri ilə birgə oğurluq edib. Əvvəlcə mənzilin qapısını açan S.Atakişiyev evdə olan iti səs-küy salmaması üçün hamam otağına salıb. Daha sonra digərləri mənzili axtarmağa başlayıblar.
Dəstə üzvləri seyfi ələ keçirəndən sonra S.Atakişiyevanın evində açaraq pulu aralarında bölüblər. C.Cəbiyev isə sındırılan seyfi Hökməli qəsəbəsinə apararaq izi itirmək məqsədi ilə orada qazaraq basdırıb. Qeyd edək ki, həmin seyf polislər tərəfindən basdırıldığı yerdən çıxarılaraq maddi sübut kimi götürülüb.
Araşdırma zamanı müəyyənləşib ki, dəstə üzvü olan K.Nəcəfov əvvəllər də cinayət törətdiyinə görə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü ilə şərti məhkum edilib və o, hazırda probasiya nəzarətində cəzasını çəkir. Ayağında Ədliyyə Nazirliyinin Probasiya Xidmətinin elektron qolbağını daşıyan K.Nəcəfov buna baxmayaraq yenidən oğurluq edib.
Faktla bağlı Səbail Rayon Polis İdarəsinin İstintaq Şöbəsində cinayət işi başlanıb, əməliyyat-istintaq tədbirləri davam etdirilir.