“Aprel döyüşləri zamanı düşmənin 6 tankını məhv etmişəm”
Bunu Azvision.az -a Aprel döyüşlərinin qəhrəmanı, gizir Tahir Misirxanov deyib. O, xatırladıb ki, 2016-cı ilin aprel ayının 1-dən 2-nə keçən gecə düşmən Cocuq Mərcanlı və Horadiz yaşayış məntəqəsini ağır silahlardan atəşə tutmağa başlayıb.
“Komandanlıq tərəfindən “həyəcan” siqnalı ilə qaldırılaraq döyüş mövqelərimizi tutduq. Aprel ayının 2-si axşam bayrağımız Lələtəpə yüksəkliyində dalğalanırdı. Döyüşlər vaxtı tank əleyhinə bölmədə xidmət edirdim. Tapşırığım düşmənin irəliləyən ağır texnikalarını sıradan çıxarmaq idi. Aprel ayının 2-də səhər saatlarında düşmən tank bölmələri ilə hücuma keçməyə başladı. Həmin gün düşmənin 3 tankını məhv etdim. Ayın 5-nə qədər isə daha 3 tankı sıradan çıxardım”.
Hazırda xidmətini davam etdirən qəhrəman gizirimiz qeyd edib ki, döyüş başlasa, hər an vəzifəsini icra etməyə hazırdır.
Qeyd edək ki, Misirxanov Tahir İman oğlu 1988-ci ildə Hacıqabul rayonunda anadan olub. O, orta təhsilini Hacıqabul rayon 2 saylı tam orta məktəbində başa vurub. Hazırda Azərbaycan Ordusunun giziri kimi ön xəttə xidmət edir. Aprel döyüşləri zamanı cəbhənin Füzuli-Cəbrayıl istiqamətində düşmənin 6 tankını məhv edib. Tahir Misirxanov Lələtəpə istiqamətində gedən döyüşlərdə göstərdiyi şəxsi şücaətinə görə Azərbaycan Respublikası Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin sərəncamı ilə “Azərbaycan Bayrağı” ordeni ilə təltif edilib.
Ailəlidir, 2 övladı var.