Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və Heydər Əliyev Fondunun “Regional İnkişaf” İctimai Birliyinin birgə həyata keçirdiyi “Sosial Bağlar” layihəsinin növbəti mərhələsi kimi, 250 ailə üçün intensiv meyvə bağlarının salınmasına başlanılıb.
Nazirlikdən verilən məlumata görə, özünüməşğulluq proqramına dəstək məqsədilə icra olunan layihə bağçılıq üçün əlverişli şəraiti olan 34 rayonu əhatə edir. Bu məqsədlə daxil olan müraciətlər əsasında həssas qruplardan (şəhid ailələri, əlilliyi olanların ailələri, aztəminatlı ailələr) olan ailələr seçilib. Onlara məxsus torpaq sahələrində monitorinqlər aparılaraq, ehtiyaclar müəyyən edilib.
İlk mərhələdə həmin sahələrin köhnə ağac və kötüklərdən, kollardan, daşlardan təmizlənərək çəpərlənməsi, şumlanması, malalanması, digər hazırlıq işlərinin görülməsi nəzərdə tutulur. Sahələr hazır vəziyyətə gətirildikdən sonra regionun iqlim şəraiti və xüsusiyyətləri nəzərə alınaraq meyvə tingləri əkiləcək.
Layihə aztəminatlı ailələrin bağçılıq istiqamətində kiçik sahibkarlığa çıxışını stimullaşdırmaqla yanaşı, qeyri-neft sektorunun mühüm sahəsi olan kənd təsərrüfatının inkişafına da əlavə dəstəkdir.
Xatırladaq ki, 2018-ci ildə “Sosial bağlar” layihəsi üzrə 41 rayonda həssas qrupları əhatə edən 125 ailə üçün intensiv meyvə bağları salınıb. Yaradılmış təsərrüfatlara aqrotexniki qulluq, sahiblərinə müvafiq məsləhət xidmətləri göstərilib. Layihə çərçivəsində təsərrüfatlara logistika və hazır məhsulun satışının təşkili mərhələlərində də köməklik göstərilməsi nəzərdə tutulur.