Təəssüf ki, məğlub olduq. Qələbə qazanmağı çox istəyirdik.
Bu sözləri “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov deyib.
Çempionlar Liqasının III təsnifat mərhələsində Kiprin APOEL klubu ilə qarşılaşan Azərbaycan çempionu səfərdə 2:1 hesabı ilə qalib gəlsə də, doğma arenasında məğlub olaraq (0:2) qitənin ən nüfuzlu klub turniri ilə vidalaşıb.
Matçdan sonra təşkil edilən mətbuat konfransında baş məşqçi oyunu şərh edib: “Futbolda bəzən düşünmədiyin nəticələr olur. Qapımızda çox qol epizodu da yox idi. Bizim bir neçə imkanımız oldu, istifadə edə bilmədik. Azarkeşləri məyus yola saldığımız üçün üzüldük”.
Q.Qurbanov ölkə çempionatındakı oyunlarının bir gün sonraya təxirə salınması üçün PFL-ə müraciət edəcəklərini deyib: “Çempionat oyununa hazırlaşmaq üçün vaxtımız çox azdır. Təxirə salma yox, oyunun bəlkə bir gün sonraya salınması üçün müraciət etdik”.
“İllərdir avrokuboklarda çıxış edirlər. Onların Avropa təcrübəsi çoxdur. “Real” kimi nəhəng kluba səfərdə 2 qol vuran komandadır. Narahatlığım o idi ki, həddən artıq istəkli olacaqlarını bilirdik. Ancaq yenə də xeyli sayda qol şansları yaratdıq. Futbol təəccüblərlə doludur. Məğlub olmuşuqsa, rəqibi təbrik etməliyik”, - deyə təcrübəli mütəxəssis sözlərinə davam edib.