Bu il iyulun 1-nə Azərbaycan iqtisadiyyatında muzdla çalışan işçilərin sayı ötən ilin eyni dövrü ilə müqayisədə, 4,4 faiz artaraq, 1 613,7 min nəfər olub.
Dövlət Statistika Komitəsinin məlumatına görə, bunlardan 903,4 min nəfəri iqtisadiyyatın dövlət sektorunda, 710,3 min nəfəri isə qeyri-dövlət sektorunda fəaliyyət göstərib.
Bu ilin yanvar-iyun aylarında ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin orta aylıq nominal əməkhaqqı əvvəlki ilin müvafiq dövrünə nisbətən 8,2 faiz artaraq, 585,2 manata çatıb.
İqtisadiyyatın mədənçıxarma sənayesi, maliyyə və sığorta fəaliyyəti, peşə, elmi və texniki fəaliyyət, informasiya və rabitə, nəqliyyat və anbar təsərrüfatı, eləcə də, tikinti sahələrində orta aylıq nominal əməkhaqqı daha yüksək olub.