Paytaxtın inzibati ərazisindəki yol kəsişmələrində nişanlanma xətləri, xüsusən də eynisəviyyəli piyada keçidlərinin iki komponentli boya ilə əvəzlənməsinə başlanılıb.
Bakı Nəqliyyat Agentliyindən bildirilib ki, məqsəd yol hərəkəti təhlükəsizliyi səviyyəsinin artırımaqdır. Yeniliyin tətbiqi ilə piyadaların təhlükəsiz, fasiləsiz və rahat hərəkətini daha yaxşı təmin etmək mümkün olacaq.
İki komponentli boyaların əsas üstünlükləri aşağıdakılardır:
- Yüksək işıqqaytarıcılıq keyfiyyəti. İşıqqaytarıcılıqın artırılması üçün boyaya xüsusi şüşə kürəcikləri də əlavə edilir. Bu da həm günün qaranlıq saatlarında, həm də görüntünün məhdud olduğu pis hava şəraitində yol nişanlamalarının daha görünən olmasına imkan verir.
- Uzun müddətli qalıcılıq. İki komponentli boyalar daha qalın olur və soyuq boyaya nisbətən uzun müddət keyfiyyətini itirmir.
Artıq 14 küçə və prospektdə qeyd edilən işlər yekunlaşdırılıb. Ümumilikdə son 4 ay ərzində Agentlik tərəfindən 107 küçə və prospektdə eyni səviyyəli piyada keçidləri yenilənib.