Rusiyanın Voronej şəhərinin fəxri vətəndaşı olan azərbaycanlı Məmməd Cəbrayılov 102 yaşında vəfat edib.
Bu barədə Rusiya KİV-ləri məlumat verir.
M.Cəbrayılov 1918-ci ildə Bakıda anadan olub. O, Böyük Vətən müharibəsi veteranı, Voronejin müdafiəçisidir.
M.Cəbrayılov Böyük Vətən müharibəsinin başlaması ilə Qara dənizdəki hərbi əməliyyatlarda iştirak edib. Döyüşlərdə üç dəfə yaralanıb. O, Voronej, Ukrayna, Macarıstan, Rumıniya, Çexoslovakiya və Avstriyanın azad edilməsi uğrunda döyüşlərdə iştirak edib.
İki “Qırmızı Ulduz” ordeni, I dərəcəli “Vətən müharibəsi” ordeni, “Döyüş xidmətlərinə görə”, “İgidliyə görə” və bir çox digər medallarla təltif edilib.
M.Cəbrayılov 1963-cü ildən Voronejdə yaşayıb, xalq təsərrüfatında fəal işləyib, ictimai işlərə, gənc voronejlilərin vətənpərvər ruhda böyümələrinə böyük töhfə verib.