Rusiyanın “siapress.ru” analitik informasiya portalında Yelena Kurilovanın görkəmli həmyerlimiz, geoloq, Sibirdə geoloji kəşfiyyat işlərinin aparıcı təşkilatçısı və burada ilk dəfə neft kəşf etmiş geologiya-minerologiya elmləri doktoru, Rusiya Elmlər Akademiyasının müxbir üzvü Fərman Salmanova həsr olunmuş “Dünyanın vətəndaşı” sərlövhəli məqaləsi dərc olunub.
Məqalədə tanınmış geoloqun ömür yolundan və peşə fəaliyyətindən söhbət açılır.
Məqalə müəllifi yazır: “Qərbi Sibirdə ilk dəfə neft kəşf etmiş Fərman Salmanov yaşasaydı, iyulun 28-də 88 yaşı tamam olacaqdı. O, bizim üçün Yermak kimidir və hətta ondan da yaxşıdır. Surqutda beynəlxalq aeroporta onun adı verilib. Bəs o, əslində, mahiyyət etibarilə kim idi? Azərbaycanlımı? Əlbəttə. ...Şəksiz. Onun adını Rusiyanın Böyük Adları siyahısına daxil etmək ölkəmiz üçün şərəf idi...”.
Sonra materialda Fərman Salmanovun ətraflı bioqrafiyası gətirilir, onun ailəsindən, Sibirə necə getməsindən bəhs olunur.
Müəllif yazır: “Fərman Salmanov 1954-cü ildə Azərbaycan Sənaye İnstitutunun geoloji kəşfiyyat fakültəsini dağ-mədən mühəndis-geoloqu ixtisası üzrə bitirib. İnstitutu bitirəndən sonra onu Kubassda neft axtarmağa göndəriblər (1955-1957-ci illər). Surquta 1957-ci ildə gəlib. O vaxtlar onun cəmi 26 yaşı olub. Çılğın təbiətli, istedadlı, azadlıqsevər cavan oğlan rəhbərliyin başına bəla olub. Təkcə səkkiz oğurlanmış barjanı xatırlamaq kifayətdir. Salmanovun ekspedisiyası bu barjalarda Surquta yollanıb. Rəhbərlik onun barəsində ya cinayət işi qaldırmalı, vəsifəsindən kənarlaşdırmalı, ya da işləməsinə icazə verməli idi. İkinci yolu seçirlər.
Fərman Salmanov sonralar xatırlayırdı: “Əməlli-başlı səs-küy qopdu. Biz isə artıq əlaqəni kəsmişdik. Məni işdən çıxarmaq istəyirədilər. Sonda qalmağıma icazə verdilər. Əvvəlcə arvad-uşaqlarımızla birlikdə vağzalda daldalanırdıq. 1961-cui il martın 21-də, mənim sevimli Novruz bayramımda Megion kəndi rayonunda ilk quyudan neft fontan vurdu. Mən atılıb-düşərək “Biz qalib gəldik!”, - deyə bağırırdım.
Sonra Xruşşova “Mən neft tapdım. Bax belə. Salmanov” sözləri yazılmış əfsanəvi teleqram vuruldu”.
Məqalədə deyilir: “Sovet quruluşunun bütün qüsurlarına baxmayaraq, bu titanik miqyaslı, azad düşüncəli, istedadlı və cəsarətli insan məhz burada özünü tam şəkildə reallaşdırmaq - gözəl karyera qurmaq, Sibirin simasını dəyişdirmək imkanı əldə edir və mütəxəssislərin fikrincə, SSRİ-nin iflasını tam 20 il təxirə salır”.
Müəllif daha sonra yazır: “Fərman Salmanov anadangəlmə lider idi. O, insanlar tərəfindən sevilən hörmətli və nüfuzlu rəhbər idi. Yoxsa 20 adam öz ailəsini və varını-yoxunu toplayıb gecənin bir aləmində milisin əlinə keçməmək üçün sahilə yan almayan barjalarda ona qoşulub getməzdi. Çünki insanlar özlərindən çox ona etibar edirdilər. Onun üçün oddan-alovdan keçməyə hazır idilər.
Fərman Qurban oğlu bir rəhbər kimi insanların arxasında dağ kimi durmuşdu, tabeliyindəkiləri müdafiə edir, köməyini əsirgəmir, onların qayğısına qalır, heç vaxt heç kəsi ümidsiz qaytarmırdı. 1960-ci illərdə o, evlər, məktəb binaları, idman sarayları, mədəniyyət obyektləri inşa etdirirdi. Bu səbəbdən vəsaitin məqsədəuyğun xərclənməsi barədə dəfələrlə xəbərdarlıq almışdı. “Geoloq” mədəniyyət sarayı, “Geoloq” poliklinikası, içərisində mineral su doldurulmuş üzgücülük hovuzu olan “Geoloq” sanatoriyası Salmanov sayəsində ərsəyə gəlmişdi.
Bir məqalədə deyildiyi kimi: ”F.Q.Salmanov üçün sosial problemlər istehsalat problemləri qədər əhəmiyyətli idi. Fərman Qurban oğlu mümkün olan bütün vasitələrlə istehsalat birliklərinin rəislərini idman-sağlamlıq komplekslərinin quraşdırılmasını sürətləndirməyə məcbur edirdi. O, ümumi qıtlıq dövründə inanılmaz səylərlə geoloqların yaşadığı altı qəsəbə üçün tikinti materialları və avadanlıq əldə etmişdi. Tümendəki tikinti obyektlərinə gəldikdə isə o, bütün obyektlərə şəxsən gedir, işlərin gedişi barədə dərhal məlumatlandırılır, sonra rəhbərləri tikintinin gedişi barədə məruzə ilə yanına dəvət edirdi. Rəhbərlər bəzən vəziyyəti çox şişirdirdilər. Onda Fərman Salmanovun onlarla necə “didişdiyini” eşitmək lazım idi”.
Müəllif məqaləsini bu sözlərlə bitirir: “Fərman Salmanov bütün zəmanələrin və xaqların böyük geoloqu idi. O, unikal neft duyumu olan kəşfiyyatçı geoloq idi. Fərman Salmanovun iştirakı ilə Qərbi Sibirdə 150-dən çox neft və qaz yatağı kəşf edilib. Onu dünya tarixində ən məhsuldar geoloq adlandırırlar. Fərman Salmanov böyük sovet alimi, dünya şöhrətli alim, fundamental elmi əsərlərin müəllifi idi. Onun 160-dan çox elmi məqaləsi və 10 monoqrafiyası dərc olunub. Əslində, Fərman Salmanov bütün bunları və bir çox başqa istedadları özündə cəmləşdirmişdi. O, hərtərəfli inkişaf etmiş, özünü reallaşdırmış, düşüncələri millətlərin, xalqların və nəhəng ölkənin hüdudlarını aşan qlobal miqyaslı şəxsiyyət olub. Fərman Salmanov sözün həqiqi mənasında dünyanın, siviziliyasinın vətəndaşı, bütün bəşəriyyətin rifahını arzyulayan dahi olub. O, qlobal tərəqqiyə töhfə verib və bugün bütün dünya onun kəşflərindən istifadə edir. Ən gözəl xüsusiyyətlər – ağıl, istedad, əzm və sevgi onda cəmlənmişdi”.