Qurban bayramında çadırtipli heyvan kəsimi məntəqələri istifadəyə veriləcək

 

"Heyvan kəsimi fəaliyyətinin tənzimlənməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin ötən il iyunun 11-də verdiyi Sərəncamın icrası ilə əlaqədar Qida Təhlükəsizliyi Agentliyi ölkədə heyvan kəsiminin müasir tələblərə uyğunlaşdırılması, qanunsuz heyvan kəsiminin qarşısının alınması və istehlakçı hüquqlarının müdafiəsi istiqamətində yerli icra hakimiyyəti orqanları ilə birlikdə sahibkarlıq subyektlərini cəlb etməklə baytarlıq-sanitariya və sanitariya-gigiyena tələblərinə uyğun müasir (stasionar, modul və mobil tipli) heyvan kəsimi məntəqələrinin yaradılmasını təşviq edir.

Qurban bayramı günlərində heyvanların kəsimi və satışı adi günlərlə müqayisədə kütləvi şəkildə həyata keçirilir. Həmin proses bəzi hallarda kəsim üçün nəzərdə tutulan yerlərdən kənarda baş verir və bu da təhlükəli xəstəliklərin qarşısının alınmasına, qanunvericiliklə müəyyən edilmiş qaydada ət və ət məhsullarının baytarlıq-sanitariya ekspertizasının aparılmasına, eyni zamanda, nəqliyyatın və əhalinin rahat hərəkətinə maneələr yaradır. Bütün bunları nəzərə alaraq Qida Təhlükəsizliyi Agentliyi tərəfindən bayram günlərində ölkə ərazisində qurbanlıq heyvanların kəsiminin baytarlıq-sanitariya və gigiyena normalarına cavab verən stasionar və çadırtipli heyvan kəsimi məntəqələrində aparılması həyata keçiriləcək.

Agentliyin İnformasiya təminatı və innovativ həllər şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, bu məqsədlə bayram günlərində 44 stasionar heyvan kəsimi məntəqəsi və 30 çadırtipli kəsim yeri lazımi avadanlıqlar ilə təmin edilib vətəndaşların ixtiyarına veriləcək.

Paytaxtda və ölkəmizin müxtəlif bölgələrində qurulması nəzərdə tutulan çadırtipli kəsim məntəqələri üç hissədən ibarət olacaq. Birinci hissədə heyvanın kəsimi, ikinci hissədə soyulması, üçüncü hissədə isə doğranması prosesi tamamilə sanitariya-gigiyena tələblərinə uyğun həyata keçiriləcək.

Həmin kəsim yerlərində ətin baytarlıq-sanitariya ekspertizasının aparılması məqsədi ilə Qida Təhlükəsizliyi İnstitutunun səyyar laboratoriyaları vətəndaşlara ödənişsiz xidmət göstərəcək.

Çadırtipli kəsim məntəqələri dezinfeksiya oluna bilən və tozun qarşısını alan xüsusi materialdan hazırlanıb. Məntəqənin daxili döşəməsi xüsusi materiallardan hazırlanıb və onun drenaj sistemi ilə təmin edilməsi kəsim zamanı heyvanın qanı və digər axıntıların kanalizasiya vasitəsilə kənarlaşdırılmasına, nəticədə ətraf ərazilərin çirklənməsinin qarşısının alınmasına imkan verəcək. Çadırtipli kəsim məntəqələri heyvanın kəsilməsi, soyulması və doğranmasına qədər bütün prosesi həyata keçirmək üçün paslanmayan metallardan hazırlanan və gigiyenik tələblərə uyğun lazımi avadanlıqlarla təchiz edilib.

Çadırın yaxınlığında heyvanın dərisi və digər tullantıların daşınması üçün nəzərdə tutulan xüsusi konteynerlər qoyulacaq və həmin tullantılar ərazidən daşınacaq. Agentliyin, yerli icra hakimiyyəti və hüquq-mühafizə orqanlarının əməkdaşları prosesə nəzarət edəcək.

Agentlik Qurban bayramında heyvan kəsimini həyata keçirən şəxslərə müraciət edərək, şəhərimizin küçələrində və yol kənarlarında antisanitar şəraitin yaradılmaması üçün onları heyvan satışı və kəsimini baytarlıq-sanitariya və gigiyena normalarına cavab verən stasionar heyvan kəsimi məntəqələri və çadırtipli kəsim məkanlarında həyata keçirməyə çağırır.

2019-07-25 / 15:31
Facebook