Nazirlik 50 minik avtomobilini Qarabağ müharibəsi əlillərinə təqdim etdi

 

Bu gün Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən “Xəzər” markalı 50 minik avtomobili Qarabağ müharibəsi əlillərinə təqdim edilib.

Avtomobillərin təqdim olunması tədbirində Əmək və Əhalinin Sosial Müdafiəsi nazirinin müavini Mətin Kərimli Prezident İlham Əliyevin uğurlu sosial islahatlar proqramının nailiyyətlərini diqqətə çatdırıb. O bildirib ki, cari ildə dövlət başçısının təqdim etdiyi iki sosial islahat paketi minimum əməkhaqqının iki dəfəyə yaxın, minimum pensiyanın 72,4 faiz, sosial müavinət və Prezidentin aylıq təqaüdlərinin orta hesabla 100 faiz, məcburi köçkünlərə verilən müavinətin 50 faiz, eləcə də tələbələrin təqaüdlərinin ciddi şəkildə artırılmasına, problemli kreditlərlə bağlı narahatlığın aradan qaldırılmasına imkan verib. Bu tədbirlər ümumilikdə 4,2 milyon vətəndaşın, nəticə etibarilə hər bir ailənin rifahına ciddi dəstəkdir.

Nazir müavini şəhid ailələrinə və müharibə əlillərinə qayğının ildən-ilə artırıldığını vurğulayıb. M.Kərimli diqqətə çatdırıb ki, sosial islahatlar paketinin tərkib hissəsi kimi, cari ildə Prezidentin aylıq təqaüdü şəhid ailələri üçün 242 manatdan 300 manata çatdırılıb, müharibə əlilləri üçün də sosial müavinət və təqaüdlər orta hesabla 100 faiz artırılıb. I qrup əlilliyi olanlara (o cümlədən I qrup müharibə əlillərinə) qulluq edənlər və müharibə veteranları üçün Prezidentin aylıq təqaüdü təsis edilib.

Yeni minik avtomobili ilə təqdim olunan vətəndaşlar ölkəmizdə geniş vüsət alan sosial müdafiə tədbirlərindən, həssas qrupların rifah halının yaxşılaşdırılması üçün atılan mühüm addımlardan bəhs ediblər. Onlar diqqət və qayğı ilə əhatə olunduqlarına, bu gün isə avtomobillə təmin edildiklərinə görə Prezident İlham Əliyevə dərin minnətdarlıqlarını ifadə ediblər.

2019-07-24 / 12:42
Facebook