İyulun 23-də XV Avropa Gənclər Olimpiya Festivalının güləş yarışlarının sonuncu günündə Azərbaycan pəhləvanı Cəbrayıl Hacıyev (65 kq) finalda rusiyalı Batırbek Tsxovrebov ilə qarşılaşıb.
Görüşdə 0:4 hesabı ilə geridə olmasına baxmayaraq, möhtəşəm geri dönüş edən Cəbrayıl Hacıyev 6:5 hesabı ilə qalib gələrək festivalda ölkəmizə səkkizinci qızıl medalı qazandırıb.
Xatırladaq ki, idmançımız finala gedən yolda gürcüstanlı David Patsinaşvilini (13:3), türkiyəli Hamza Duhan Dumanı (10:0), yarımfinalda isə isveçrəli Umar Mavlayevi (10:0) məğlub edib.
Bu çəki dərəcəsində bürünc medalları gürcüstanlı David Patsinaşvili və ukraynalı İvan Semyonov aktivlərinə yazdırıblar.
Fəxri kürsüdə yer alan idmançıların mükafatlandırılması mərasimində qaliblərə medalları Azərbaycan Milli Olimpiya Komitəsinin vitse-prezidenti Xəzər İsayev təqdim edib.
Qalib idmançımızın şərəfinə Azərbaycan Respublikasının dövlət himni səsləndirilib.