Qax, Balakən və Zaqatalada antisanitar şəraitdə alkoqolsuz içkilər istehsal edən sexlər aşkarlanıb.
Qida Təhlükəsizliyi Agentliyinin məlumatına görə, sözügedən sexlərdə məhsul istehsalında mənşəyi məlum olmayan xammallardan istifadə edilir, hazır məhsulların analizləri aparılmır, istehsal prosesində istifadə olunan su müvafiq filtrdən keçirilmir.
Bundan başqa, şüşə butulkalar texnoloji prosesə, sanitar norma və qaydalara uyğun olmayan şəkildə yuyulur, məhsul istehsalında istifadə olunan xammal və köməkçi materiallar düzgün şəraitdə saxlanılmır, üzərinə istehsal tarixi vurulmur və qablaşdırmaların üzərində əvvəlki istehsal tarixi, saxlanma müddəti qalır.
Habelə Qax rayonu, Qorağan kəndində yerləşən “Günəş MS” MMC-də istehsal edilən “H2O” və “Qax” əmtəə nişanlı suların minerallaşma dərəcəsinin müəyyən edilmədiyi təqdirdə üzərində “mineral süfrə suyu” yazıldığı məlum olub.
Qanunvericiliyin tələblərinə uyğun olaraq sexlərin fəaliyyəti məhdudlaşdırılıb.
Həmin sexlər aşağıdakılardır:
1) Zaqatala rayonu, Çökəkoba kəndində yerləşən, Şıxlinski Fərid Zeynal oğluna məxsus “Dağ incisi” əmtəə nişanlı alkoqolsuz içkilərin istehsalı sexi
2) Qax rayonu, Xalidə Həsilova küçəsində yerləşən, Yusifli Ülvi Zəfər oğluna məxsus “Ülvi” əmtəə nişanlı alkoqolsuz içkilərin istehsalı sexi
3) Qax rayonu, Üzeyir Hacıbəyov küçəsində yerləşən, Əli Sadiq İlqar oğluna məxsus “Sadiq” və “Qax” əmtəə nişanlı alkoqolsuz içkilərin istehsalı sexi
4) Qax rayonu Qorağan kəndində yerləşən, “Günəş MS” MMC-yə məxsus “Sevim”, “H2O” və “Qax” əmtəə nişanlı su istehsalı sexi
5) Balakən şəhəri, Zərifə Əliyeva küçəsində yerləşən, Mustafayev Orxan Cahangir oğluna məxsus “Zirvə” əmtəə nişanlı alkoqolsuz içkilərin istehsalı sexi
6) Balakən rayonu Qullar kəndində yerləşən, Papaxov Elman Fəxrəddin oğluna məxsus “Ləzzət” əmtəə nişanlı alkoqolsuz içkilərin istehsalı sexi