Azərbaycanın UEFA Avropa Liqasının finalından əldə etdiyi gəlir açıqlanıb

 

 

UEFA Avropa Liqasının bu il mayın 29-da Bakıda keçirilən final oyunu nəticəsində Azərbaycana birbaşa nağd şəkildə təxminən 175 milyon manat vəsait daxil olub. Ümumilikdə isə 680 milyon manatlıq iqtisadi qazanc əldə edilib.

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin hesablamalarına əsasən, bu göstəricilər beynəlxalq kontekstdə media üzərindən əldə edilən dəyər, turistlərin xərcləmələri, çarter reyslərlə təyyarə parkına eniş edən təyyarələrə göstərilən xidmətdən əldə edilən gəlir, oyun ilə əlaqədar UEFA tərəfindən çəkilən xərclər və digər göstəricilər əsasında müəyyənləşdirilib.

Rəsmi göstəricilərə əsasən, 300 milyona yaxın insan oyunu televiziya və internet üzərindən canlı izləyib. Mütəxəssislər hesab edir ki, beynəlxalq brendinq üzrə adambaşına düşən ortalama xərclər nəzərə alınsa 300 milyona yaxın izləyici kütləsinə ölkəmizin media vasitəsilə tanıdılması üçün 505 milyon manatlıq vəsait ayrılmalı idi. Beynəlxalq turnirin Bakıda keçirilməsi eyni məbləğdə marketinq dəyəri yaradaraq, ölkəmizi yüz milyonlarla insana daha da yaxından tanıdıb.

Gənclər və İdman Nazirliyinin, AFFA-nın məlumatlarına görə, final oyunu ilə əlaqədar ölkəyə gələn xarici turistlərin sayı 37,4 min nəfər olub. Onların hesabına ölkəmizə 115 milyon manat nağd vəsait daxil olub. İqtisadi dəyərin 1,25 milyon manatdan çoxu Avroliqanın final oyununun keçirilməsi üçün cəlb olunan işçilərin əmək haqları hesabına yaranıb.

AZAL-dan daxil olan məlumatlarda isə 108 çarter reysi üçün alınan xidmət haqqının 687 min manatdan çox olduğu əksini tapıb.

2019-06-11 / 18:51
Facebook