Mayın 29-da UEFA Avropa Liqasının 2018-2019-cu il mövsümünün Bakı Olimpiya Stadionunda keçirilən final qarşılaşmasında “Çelsi” komandası “Arsenal”ı 4:1 hesabı ilə məğlubiyyətə uğradaraq tarixində ikinci dəfə bu turnirin qalibi adını qazanıb.
Italiyalı referi Canluka Rokkinin idarə etdiyi oyunun birinci hissəsində komandaların cəhdlərinə baxmayaraq qapılara top vurulmayıb.
Lakin fasilədən sonra azarkeşlər meydanda beş qol izləyiblər. Oyunda hesabı ikinci hissənin əvvəlində - matçın 49-cu dəqiqəsində “Çelsi” komandası hesabı açıb. Emerson Palmierinin ötürməsindən sonra fransalı hücumçu Olivye Jiru dəqiq baş zərbəsi ilə komandasını hesabda irəli çıxarıb - 1:0.
Matçın 60-cı dəqiqəsində “Çelsi” komandası ikinci topu “Arsenal”ın qapısından keçirib. “Arsenal”ın cərimə meydançasına daxil olan Eden Hazardın ideal ötürməsindən sonra Pedro Rodriges topu saxlamadan qapıya göndərib – 2:0.
“Çelsi” komandası 65-ci dəqiqədə hesab arasındakı fərqi üç topa çatdırıb. “Arsenal”ın qapısına təyin olunan 11 metrlik cərimə zərbəsini dəqiq yerinə yetirən Eden Hazard komandasının üçüncü topunu qapıdan keçirib.
Lakin bu qoldan 4 dəqiqə sonra “Arsenal” vurulan toplardan birinin əvəzini çıxıb. Müdafiəçilərdən qayıdan topa cərimə meydançasından kənarda qüvvətli zərbə vuran Aleks Ayvobi hesab arasındakı fərqi azaldıb – 3:1
Ancaq bu, oyunda sonuncu qol olmayıb. Görüşün 72-ci dəqiqəsində “Çelsi”nin sürətli əks-hücumu zamanı Eden Hazard Olivye Jiru ilə qısa ötürmələrlə qurduqları gözəl kombinasiyanı qolla tamamlayıb – 4:1.
Qalan dəqiqələrdə qapılara top vurulmayıb və oyunda 4:1 hesabı ilə qələbə qazanan “Çelsi” komandası tarixində ikinci dəfə UEFA Avropa Liqasının qalibi olub.
Matçda dubl edən Eden Hazard final qarşılaşmasının ən yaxşı futbolçusu seçilib.
“Çelsi”nin fransalı hücumçusu Olivye Jiru isə vurduğu qol sayəsində UEFA Avropa Liqasının 2018-2019-cu il mövsümünün ən məhsuldar futbolçusu olub. O, cari mövsümdə bu turnirdə 11 dəfə fərqlənib.
Final matçından sonra qaliblər mükafatlandırılıb.
Beləliklə, “Çelsi” 2012-2013-cü il mövsümündən sonra ikinci dəfə UEFA Avropa Liqasının qalibi adını qazanıb. “Arsenal” isə ikinci dəfə UEFA Avropa Liqasının finalında məğlub olub. “Topçular” 2000-ci ildə turnirin finalında “Qalatasaray”a uduzub.