Zakir Həsənov yeni komanda məntəqəsinin açılışında - FOTO/VİDEO

 

 

Prezident İlham Əliyevin tapşırığına əsasən, Hərbi Hava Qüvvələrinin (HHQ) şəxsi heyətinin döyüş hazırlığı səviyyəsinin yüksəldilməsi və sosial-məişət şəraitinin yaxşılaşdırılması istiqamətində görülən işlər davam etdirilir.

Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.

Məlumata görə, aprelin 24-də Müdafiə naziri, general-polkovnik Zakir Həsənov və nazirliyin digər rəhbər heyəti HHQ-nin aviasiya bazasının yeni inşa edilən birləşmiş komanda məntəqəsinin açılışında iştirak edib və yaradılan şəraitlə tanış olub.

General-polkovnik Zakir Həsənov və digər rəhbər şəxslər uçuşlara nəzarət və idarəetməni yerinə yetirən yeni quraşdırılan naviqasiya sisteminə, HHQ-nin təlim-məşq poliqonunun tədris otaqlarına, eləcə də ərazidəki digər xidməti və inzibati obyektlərə baxış keçirib.

Nazir zenit-raket komplekslərinin heyətlərinin, quru qoşunların hava hücumundan müdafiə bölmələrinin, radio-texniki bölmələrin texniki heyətlərinin məşğələlərini izləyib, S-125 zenit-raket kompleksinin idarəetmə məntəqəsində olub.

Müdafiə nazirinə məruzə edilib ki, Türkiyə, İsrail, ABŞ, Fransa, Böyük Britaniya, Norveç və bir sıra digər ölkələrin şirkətlərinin istehsal etdiyi müasir avadanlıq ilə təchiz edilən birləşmiş komanda məntəqəsinin əsas təyinatı müxtəlif növ hərbi aviasiya vasitələrinin uçuşlarının idarəedilməsini, həmçinin döyüş tapşırıqlarının dəqiq və effektiv icrasını fasiləsiz təmin etməkdir.

Sonra Müdafiə Nazirliyinin rəhbərliyi üçün birləşmiş komanda məntəqəsinin fəaliyyətinə dair geniş brifinq keçirilib.

“Super Muşşak” təlim-məşq təyyarələrinə və trenajor zallarına baxış keçirən Müdafiə naziri Ali Baş Komandanın ordu quruculuğu sahəsində qarşıya qoyduğu vəzifələri şəxsi heyətin diqqətinə çatdırıb və döyüş hazırlığı səviyyəsinin daha da yüksəldilməsi, hərbi pilotların peşəkarlığının artırılması ilə bağlı komandanlığa müvafiq tapşırıqlar verib.

2019-04-25 / 11:15
Facebook