AQTA adından rüşvət alan növbəti dələduzun görüntüləri yayıldı

 

 

Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən qurumun adından istifadə edən növbəti şəxs ifşa edilib.

Agentliyin apardığı araşdırma zamanı özünü AQTA əməkdaşı kimi təqdim edən şəxsin Bakı şəhəri, Binəqədi rayonu, 8-ci mikrorayonda yerləşən “Zaqatala” kafesinin sahibindən qanunsuz olaraq 39 manat 80 qəpik pul alması ilə bağlı şikayət öz təsdiqini tapıb. 

Belə ki, kafenin sahibi tərəfindən əvvəlcədən mağazada quraşdırılmış kamerada həmin şəxsin video görüntülərinin olduğu müəyyən  edilib.

Qida Təhlükəsizliyi Agentliyi görüntülərdə əks olunan həmin  şəxsin Agentliyin  əməkdaşı olmadığını bildirib və faktla bağlı qanunvericilik çərçivəsində tədbirlərin görülməsi üçün məlumatların hüquq-mühafizə orqanlarına göndərib.

Agentlik sahibkarlara özünü qurumun əməkdaşı kimi təqdim edən şəxslərdən ilk növbədə xidməti vəsiqələrini və yoxlama haqqında müvafiq sənədi təqdim etmələrini tələb etməyi tövsiyə edir, hər hansı şübhəli məqam olduğu təqdirdə hüquq-mühafizə orqanlarına və ya Qida Təhlükəsizliyi Agentliyinin 1003 saylı “Qaynar xətt”inə məlumat verməyi xahiş edir.

 

2019-04-17 / 15:13
Facebook