Dövlətimizin başçısı İlham Əliyevin yenidən Azərbaycan Respublikasının Prezidenti seçilməsinin bir ili tamam olur. Ötən bir il Azərbaycan xalqının öz seçimində yanılmadığını, vətəndaşlarımızın siyasi şüurunun və seçmək qabiliyyətinin nə qədər yüksək olduğunu bir daha sübut etdi.
2003-cü il oktyabrın 15-də keçirilən prezident seçkilərində seçicilərin 76.8 faiz səsini toplayaraq ilk dəfə Azərbaycan Respublikasının Prezidenti seçilən İlham Əliyevin rəhbərliyi ilə ölkəmiz ötən illərdə misilsiz inkişaf yolu keçib, tarixi uğurlara imza atıb. Ümummilli lider Heydər Əliyevin müəyyən etdiyi daxili və xarici siyasət xəttini şəraitin tələblərinə uyğun olaraq yeniləşdirməklə davam etdirən Prezident İlham Əliyev ölkə həyatının bütün sahələrini əhatə edən bu dinamik inkişafa, hər bir Azərbaycan ailəsinin rifahının yaxşılaşmasına və təhlükəsizliyinin təmin edilməsinə, milli birliyin və həmrəyliyin möhkəmləndirilməsinə, ölkəmizin maraqlarına cavab verən tarazlaşdırılmış xarici siyasətin yürüdülməsinə nail olub.
Xalqımız ötən müddətdə əldə olunan uğurlara 2018-ci il aprelin 11-də keçirilən seçkilərdə ən yüksək qiymətini verdi. Seçkilərin nəticələrinə əsasən İlham Əliyev səslərin 86,02 faizini toplayaraq növbəti müddətə Azərbaycan Respublikasının Prezidenti seçildi.
Azərbaycanın hər bir vətəndaşının və dövlətimizin maraqları son bir ildə də Prezident İlham Əliyevin həyata keçirdiyi siyasətin mərkəzində olub. Bu müddətdə ölkəmizdə hərtərəfli dinamik inkişaf, sabitlik və əmin-amanlıq təmin edilib, beynəlxalq mövqelərimiz daha da möhkəmləndirilib. Dövlətimizin başçısının seçkilər ərəfəsində yeni iqtisadi modelə keçidlə, iqtisadi və sosial sahədə islahatların aparılacağı ilə bağlı vədləri ardıcıl olaraq yerinə yetirilir. Hər zaman fəaliyyətində xalqın dəstəyinə arxalanan Prezident İlham Əliyev daim xalq ilə təmasda olur, vətəndaşları narahat edən problemləri birbaşa onların dilindən dinləyir və bu məsələlərin həlli ilə bağlı müvafiq göstərişlər verir.
Ötən bir il ərzində də Azərbaycan Prezidentinin hər zaman xalqının yanında olduğunun, onların problemlərinin həllinə xüsusi həssaslıqla yanaşdığının bir daha şahidi olduq. Bildiyimiz kimi, cari il fevralın 5-i və 6-da baş verən zəlzələlər nəticəsində Şamaxı, İsmayıllı və Ağsu rayonlarında bir sıra fərdi evlərə, sosial və infrastruktur obyektlərinə ciddi ziyan dəydi. Hadisədən dərhal sonra dövlətimizin başçısı zəlzələ baş verən ərazidə oldu, vəziyyətlə yerində tanış olaraq vətəndaşlarla görüşdü, təbii fəlakətin nəticələrinin aradan qaldırılması istiqamətində göstərişlər verdi, müvafiq Sərəncam imzalandı və Prezidentin Ehtiyat Fondundan vəsait ayrıldı. Qısa müddət ərzində fəlakətin nəticələrinin aradan qaldırılması istiqamətində işlərə başlanıldı. Təbii fəlakət nəticəsində dağılan bir sıra evlər təxminən bir ay sonra əsaslı şəkildə təmir edilərək dövlətimizin başçısının və birinci xanımın iştirakı ilə sahiblərinə təqdim olundu. Əlbəttə bu, Azərbaycan Prezidentinin, dövlətinin öz vətəndaşına göstərdiyi diqqətin bariz nümunəsidir.
Hər bir Azərbaycan vətəndaşı da Prezidentinin, dövlətinin onun yanında olduğunu bilir, üzləşdiyi problemlərin ədalətli şəkildə, qısa müddət ərzində həll ediləcəyinə inanır. Zəlzələnin törətdiyi fəsadlardan əziyyət çəkən insanlarla söhbətimiz zamanı da vətəndaşlar Prezidentin dar gündə onların yanında olmasından, göstərilən diqqət və qayğıdan razılıqlarını ifadə edirdilər. Zəlzələdən ziyan çəkmiş Şamaxı sakini Sevda Həsənova deyir: “Prezidentimiz bizimlə görüşdü, uçan divara, evin içərisindəki dağıntılara baxdı. Bizə təsəlli verib, narahat olmamağı, tezliklə hər şeyin qaydaya salınacağını bildirdi. Bu, bizə böyük təsəlli oldu. Dövlətimiz, onun rəhbəri bu ağır gündə bizim yanımızdadır. Sağ olsun Prezidentimiz”.
Dövlətimizin başçısının belə gündə rayona gəlməsini yüksək qiymətləndirən Şamaxı sakini Süburə Həsənova isə bildirib: “Prezidentimizin sakinlərlə görüşündə “Azərbaycan dövləti, Azərbaycan hakimiyyəti həmişə sizin arxanızdadır” deməsi hamı kimi mənim də qəlbimdə iftixar hissi doğurdu. Hiss etdik ki, tək deyilik. Dövlətimiz, Prezidentimiz həm xoş, həm də dar günümüzdə bizimlə bir yerdədir”.
Zəlzələdən bir ay sonra dağılmış evinin yüksək keyfiyyətlə tikilib təhvil verilməsindən ürəkdolusu danışan Saray nənə sevincini bu cür ifadə edir: “Prezidentin xanımı ilə birlikdə bizim təzə evə gəlməsi həyatımın ən xoşbəxt, sevincli anıdır. Onun tapşırığı ilə bu gözəl ev bir ayın içində tikildi. Bunu sevimli Prezidentimizin Qadınlar bayramı münasibətilə mənə hədiyyəsi kimi qəbul etdim”.
Eyni zamanda, bu yaxınlarda “Diqlas” ticarət mərkəzində baş vermiş yanğından dərhal sonra Prezident İlham Əliyevin sədrliyi ilə müşavirənin keçirilməsi, məsələ ilə əlaqədar Komissiyanın yaradılması, yanğın nəticəsində zərər çəkmiş sahibkarlara maddi yardımın göstərilməsi “İlham Əliyev hər bir azərbaycanlının Prezidentidir” fikrini təsdiq edir.
Bir sözlə, dövlətimizin başçısının paytaxtda və bölgələrimizdə vətəndaşlarla keçirdiyi səmimi görüşlər, onların qayğıları ilə yaxından maraqlanması, insanların sosial rifahının yaxşılaşdırılması istiqamətində verilən qərarlar ölkəmizdə xalq-iqtidar birliyini daha da möhkəmləndirir, xalqın Prezidentinə olan inamını daha da artırır. Bu amillər həm də Prezident və xalqın birliyi konsepsiyasının əsas qayəsini təşkil edir.
Sosial inqilab xarakterli qərarlar
Prezident İlham Əliyev hər zaman sosial məsələlərin həllinə çox böyük diqqət ayırıb. Bunu rəqəmlər də təsdiqləyir: Maaşlar təxminən 7 dəfə, pensiyalar 10 dəfədən çox artıb. Yoxsulluq təxminən 50 faizdən 5,4 faizə düşüb. Hazırda işsizlik 5 faiz səviyyəsindədir. Məhz əhalinin sosial rifahının yaxşılaşması istiqamətində görülən böyük işlərin nəticəsidir ki, bu günlərdə xalqımız on milyonuncu sakinin dünyaya gəlişini bayram edir. Bütün bunlar ulu öndər Heydər Əliyevin ideyalarına söykənən, böyük uzaqgörənliklə həyata keçirilən siyasətin uğurlarıdır.
Hər zaman sözü ilə işi bir olan dövlətimizin başçısı ötən il aprelin 18-də keçirilən andiçmə mərasimindəki çıxışı zamanı demişdi: “Növbəti illərdə biz çox ciddi islahatlar aparacağıq, islahatları dərinləşdirəcəyik, əminəm ki, vətəndaşlarımızın yaşayış səviyyəsi daha da yaxşılaşacaqdır”.
Cari ilin əvvəlindən başlayaraq Prezident İlham Əliyev tərəfindən müxtəlif istiqamətlərdə olduğu kimi, sosial sahədə də ciddi addımlar atıldı. Ekspertlər tərəfindən sosial inqilab xarakterli qərarlar adlandırılan bu fərman və sərəncamlar demək olar ki, əhalinin bütün təbəqələrini əhatə etdi. Şəhid ailələrinə, məcburi köçkünlərə, tələbələrə, əlilliyi olan şəxslərə verilən müavinətlər, minimum aylıq əməkhaqqı, pensiyalar artırıldı. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən verilən məlumata görə, ötən bir il ərzində dövlətimizin başçısı tərəfindən həyata keçirilən uğurlu sosial islahatlar paketi 3 milyon vətəndaşın rifahının ciddi şəkildə yaxşılaşmasına imkan yaradıb.
Onu da qeyd etmək lazımdır ki, seçkilərdə qələbə qazandıqdan sonra Prezident İlham Əliyevin imzaladığı ilk Fərman şəhid vərəsələrinə birdəfəlik ödəmənin (11 min manat) verilməsi ilə bağlı oldu. 2019-cu il 28 yanvar tarixli daha bir Fərmanla isə birdəfəlik ödəmə verilməsi nəzərdə tutulan şəhid vərəsələrinin əhatə dairəsi daha da genişləndirildi. Həmçinin Prezident İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın 2018-ci ilin avqustun 1-də şəhid ailələri və Qarabağ müharibəsi əlilləri üçün yeni mənzillərin təqdim olunması tədbirində iştirak etmələri, həmçinin 2019-cu il yanvarın 28-də şəhid ailələri ilə görüş keçirmələri dövlətimizin tərəfindən bu kateqoriyalardan olan vətəndaşlara yüksək səviyyədə diqqət və qayğının göstərildiyini bir daha təsdiq edir.
Dövlətimizin başçısının ölkənin sosial həyatında inqilabi addımların davamlı xarakter aldığını göstərən qərarları ilə ötən bir il ərzində minimum pensiya məbləği, minimum əməkhaqqı orta hesabla 40 faiz artırıldı. Dövlətimizin başçısının 2019-cu il 25 fevral tarixli Sərəncamı ilə isə 600 minədək şəxsə, o cümlədən 300 min əlilliyi olan şəxsə yönələn sosial müavinətlər, təqaüdlər orta hesabla 100 faiz artırıldı, əlavə olaraq bir sıra kateqoriyalardan olanlar üçün Prezidentin aylıq təqaüdləri təsis olundu. Bu ilin fevral ayının sonlarında imzalanan Sərəncamla məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün aylıq müavinət 50 faiz artırıldı ki, bu da 500 mindən çox məcburi köçkünün rifah halının yüksəldilməsinə xidmət edir. Həmçinin bu il 110 minədək tələbənin də təqaüdlərinin ciddi şəkildə artırılması təmin olundu.
Azərbaycan Prezidentinin humanizm prinsiplərinə söykənən sosialyönümlü siyasətini, daim hər bir vətəndaşının yanında olduğunu təsdiqləyən digər bir addım isə 800 mindən çox insanın problemli kredit məsələsini aradan qaldıracaq Fərman oldu. Dövlətimizin başçısı tərəfindən imzalanan daha bir Fərmanla isə istismarına icazə verilməmiş çoxmənzilli yaşayış binalarının sakinlərindən ibarət 350-400 min insanın mənafeyi təmin olundu.
Son bir ildə sosial sahədə atılan bu mütərəqqi addımlar Azərbaycan vətəndaşının maraqlarının dövlətin həyata keçirdiyi siyasətin mərkəzində dayandığını bir daha təsdiqləyir.
Dövlət idarəçiliyində innovativ uğurlar
Son illər Azərbaycanın dövlət idarəetmə sistemində modernləşmənin, şəffaflığın təmin edilməsi və idarəetmədə yeni fəaliyyət üslubunun formalaşdırılması istiqamətində böyük uğurlara imza atılıb. Prezidentin 2012-ci il 13 iyul tarixli Fərmanı ilə yaradılan Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi - “ASAN xidmət” şəffaflığın artırılması, vətəndaşlara xidmətlərin daha keyfiyyətli, rahat, yeni üslubda və müasir innovasiyaların tətbiqi ilə göstərilməsini təmin etməklə yanaşı, bütün dünyada yeni və nadir bir idarəetmə modeli kimi qəbul olunur. Ötən bir il ərzində ölkəmizdə “ASAN xidmət” mərkəzlərinin əhatə dairəsinin genişləndirilməsi istiqamətində ciddi işlər görülüb. Belə ki, İmişlidə və Şəkidə yeni “ASAN xidmət” mərkəzləri fəaliyyətə başlayıb. Beləliklə, ölkə üzrə bu mərkəzlərin sayı 15-ə çatdırılıb. Dövlətimizin başçısı aprelin 5-də Bakı şəhərində daha iki yeni “ASAN xidmət” mərkəzinin layihələndirilməsi və tikintisi ilə bağlı Sərəncam imzalayıb. Bu gün 320-dən çox xidmətin göstərildiyi mərkəzlərə edilən müraciətlərin sayı 28 milyondan çoxdur.
Qeyd etməliyik ki, dövlət strukturlarında və dövlət xidmətlərinin həyata keçirilməsində informasiya və kommunikasiya texnologiyalarından istifadə olunması, innovativ həllərin tətbiqi Azərbaycanda dövlət siyasətinin prioritetlərindən biridir. Son bir ildə bu sahədə davamlı inkişaf üçün mühüm tədbirlər görülüb. Məsələn, Bakıda Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyindəki Elektron Hökumətin İnkişafı Mərkəzinin inzibati binası istifadəyə verilib. Habelə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində DOST Agentliyi yaradılıb ki, bu da əhalinin məşğulluğu, əmək, sosial müdafiə və təminat sahələrində vətəndaşlara göstərilən xidmətlərin keyfiyyətinin yüksəldilməsi, şəffaflığın artırılması, innovativ həllərin tətbiqi və elektron xidmətlərə keçidin sürətləndirilməsi, habelə süründürməçilik hallarının qarşısının alınması və vətəndaş məmnunluğunun yüksəldilməsi istiqamətində mühüm addım kimi dəyərləndirilir.
Ötən bir il ərzində dövlətimizin başçısı tərəfindən daha çevik idarəetmə strukturunun yaradılması ilə bağlı həyata keçirilən islahatlardan biri kimi, “Azərbaycan Respublikasında dövlət idarəçiliyinin təkmilləşdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında” Fərmanı xüsusi qeyd etmək lazımdır. Eyni zamanda, dövlətimizin başçısı tərəfindən Mədəniyyət Nazirliyinin, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin strukturunun və idarə edilməsinin təkmilləşdirilməsi ilə bağlı fərmanlar imzalanıb. Həmçinin Prezident İlham Əliyev 2019-cu il yanvarın 17-də Azərbaycan Respublikasında bir sıra dövlət orqanlarının strukturunun optimallaşdırılması və idarə edilməsinin təkmilləşdirilməsi ilə bağlı Fərman imzalayıb ki, bu qərarlarla da bir-biri ilə paralel olan, yaxud səmərəliliyi arzuedilən səviyyədən aşağı olan struktur vahidlərinin ləğv edilməsi, birləşdirilməsi, ya da daha çevik mexanizmlərlə əvəzlənməsi həyata keçirilib.
Eyni zamanda, dövlətimizin başçısının Fərmanı ilə yaradılan Sosial Tədqiqatlar Mərkəzi vasitəsilə ictimai münasibətlərin inkişaf dinamikasının sistemli təhlilini, bu sahədə mövcud tendensiyaları müəyyənləşdirmək, onun cəmiyyətə mümkün təsirlərini araşdırmaq, ictimai fikrin öyrənilməsini və sosial tədqiqatlar aparılmasını təmin etmək mümkün olacaq.
Qısa müddət ərzində dövlət idarəçiliyinin təkmilləşdirilməsi istiqamətində qazanılan bu uğurlar həm də dövlət büdcəsi vəsaitindən səmərəli istifadənin təmin olunmasına xidmət edir. Bu struktur islahatları dövlətin yükünü azaltmağa, liberal iqtisadi münasibətlərin formalaşmasına və yerli özünüidarəetmə institutlarının səmərəliliyinin artmasına böyük töhfələr verəcək.
Möhkəmlənən beynəlxalq əlaqələr və Xəzərin hüquqi statusunun müəyyənləşdirilməsi
Bu gün Azərbaycan müstəqil və tarazlaşdırılmış xarici siyasəti ilə beynəlxalq aləmdəki mövqelərini daha da möhkəmləndirir. Ölkəmizin bir nömrəli problemi olan Ermənistan-Azərbaycan münaqişəsinin həlli xarici siyasətimizdə ən prioritet məsələdir. Dünya ölkələri ilə ikitərəfli əlaqələrin inkişaf etdirilmə, beynəlxalq təşkilatlardakı uğurlu fəaliyyət sayəsində Azərbaycanın bu məsələdəki ədalətli mövqeyinə dünya ictimaiyyətinin dəstəyi daha da artır. Ermənistanın yeni rəhbərliyinin separatçı rejimin münaqişənin həlli ilə bağlı aparılan danışıqlara cəlb etmək cəhdləri Azərbaycan Prezidentinin qətiyyətli mövqeyi sayəsində iflasa uğradı. Düşənbə, Sankt-Peterburq və Davos görüşlərindən sonra martın 29-da ATƏT-in Minsk qrupu həmsədrlərinin təşəbbüsü ilə Prezident İlham Əliyevlə baş nazir Nikol Paşinyan arasında görüş keçirildi. Bu, bir daha təsdiq etdi ki, danışıqların formatı dəyişməz olaraq qalır və danışıqlar prosesi Azərbaycan ilə Ermənistan arasında davam etdirilir.
Ötən bir il həm də uzun müddətdir müzakirə olunan Xəzərin hüquqi statusuna dair razılaşmanın əldə edilməsi ilə yadda qaldı. 2018-ci il avqustun 12-də Qazaxıstanın Aktau şəhərində Xəzəryanı ölkələrin dövlət başçılarının V Zirvə toplantısı çərçivəsində Xəzər dənizinin hüquqi statusu haqqında Konvensiya imzalandı. Bu sənəd həm də Xəzəryanı ölkələrlə çox sıx və bərabərhüquqlu münasibətlərə malik Azərbaycan üçün yeni əməkdaşlıq perspektivləri açdı.
Ötən ilin iyulunda dövlətimizin başçının Brüsselə səfəri çərçivəsində Azərbaycan ilə Avropa İttifaqı arasında “Tərəfdaşlıq prioritetləri” sənədinin paraflanması da mühüm tarixi əhəmiyyətə malik hadisə kimi dəyərləndirilir. Qeyd edək ki, bu yaxınlarda Avropa İttifaqı-Azərbaycan Əməkdaşlıq Şurasının 16-cı iclası keçirilib. İclasda Azərbaycan ilə Avropa İttifaqı arasında yeni sazişə dair danışıqların yekunlaşmaq üzrə olduğu bildirilib.
Ümumilikdə son bir il ərzində Prezident İlham Əliyev xarici ölkələrdə 17 dəfə səfərdə olub, ondan çox ölkənin dövlət və hökumət başçısı ölkəmizə səfər edib. Bu səfərlər çərçivəsində ikitərəfli əlaqələrin genişləndirilməsinə dair müxtəlif sahələri əhatə edən müqavilələr imzalanıb, qərarlar qəbul olunub. İtaliya Respublikasının Prezidenti Sercio Mattarellanın, Almaniya Federativ Respublikasının Federal Kansleri xanım Angela Merkelin, Serbiya Respublikasının Prezidenti Aleksandr Vuçiçin ölkəmizə səfərləri ikitərəfli əlaqələrin, o cümlədən Azərbaycan-Avropa İttifaqı münasibətlərinin inkişafı baxımından xüsusi əhəmiyyət kəsb etdi.
Biz ötən il daha bir uğurun şahidi olduq - Prezident İlham Əliyevin təşəbbüsü ilə başlayan, dünyada mədəniyyətlərarası dialoqun, dostluğun, qarşılıqlı anlaşmanın möhkəmlənməsinə dəyərli töhfə hesab edilən “Bakı prosesi”nin 10 illiyi qeyd edildi. Qürurverici amil ondan ibarətdir ki, məhz Azərbaycan Prezidentinin təşəbbüsü ilə başlayan “Bakı Prosesi” bu gün müxtəlif təşkilatların, ölkələrin nümayəndələrini bir araya gətirir, müzakirələrə imkan yaradır, həm də mədəniyyətlərarası dialoqla bağlı işlərin hansı istiqamətdə aparılmasına dair praktiki vəzifələrin müəyyənləşdirilməsində mühüm rol oynayır.
Qazanılan uğurlar beynəlxalq qurumların diqqət mərkəzində
Azərbaycanda aparılan islahatlar, həyata keçirilən mühüm tədbirlər ölkə vətəndaşları ilə yanaşı, beynəlxalq ictimaiyyət tərəfindən də böyük maraqla izlənilir və müxtəlif beyin mərkəzləri tərəfindən yüksək qiymətləndirilir. Düşünülmüş addımların nəticəsidir ki, Azərbaycan “Doing Business 2019” hesabatında dünyanın 10 ən islahatçı dövləti siyahısına daxil edilib. Həmçinin Azərbaycan dünyanın ən çox islahat aparan ölkəsi elan olunub. Yeni hesabatda Azərbaycan 2017-ci illə müqayisədə 32 pillə irəliləyərək 190 ölkə arasında 25-ci yerdə qərarlaşıb, dünyanın bir çox dövlətlərini geridə qoymaqla Müstəqil Dövlətlər Birliyi ölkələri arasında lider mövqeyə yüksəlib.
Bir neçə gün əvvəl isə Fransanın “Opinion Way” şirkəti Azərbaycandakı mövcud ictimai-siyasi vəziyyətə, Prezident İlham Əliyevin son bir ildə həyata keçirdiyi islahat kursuna, hökumətin ümumi daxili və xarici siyasətinə ölkə əhalisinin münasibətini öyrənmək məqsədilə ölkəmizin bütün bölgələrində keçirdiyi geniş rəy sorğusunun nəticələrini açıqladı. Sorğunun nəticələrinə görə, respondentlərin 80,1 faizi ölkədəki mövcud ictimai-siyasi və sosial-iqtisadi sabitliyin qorunub saxlanılmasını Prezident İlham Əliyevin fəaliyyətinin ən uğurlu nəticəsi kimi dəyərləndirib. Həmçinin sorğuda iştirak edənlərin böyük əksəriyyəti Prezident İlham Əliyevin son bir ildə gördüyü işləri, o cümlədən Azərbaycanda sosial-iqtisadi fəaliyyəti, dövlətimizin başçısı tərəfindən bu sahədə son ildə aparılan islahatları yüksək qiymətləndiriblər. Eyni zamanda, sorğunun Prezident İlham Əliyevin xarici siyasəti ilə bağlı nəticələri də əhalinin müsbət mövqeyini ifadə edib.
Son bir ildə Prezident İlham Əliyev tərəfindən görülən işlər, ölkəmizin davamlı inkişafı, vətəndaşların rifah halının yüksəldilməsi istiqamətində atılan addımlar göstərdi ki, ötən il aprelin 11-də keçirilən seçkilərdə Azərbaycan xalqının seçimi onun daha parlaq gələcəyini təmin edəcək.
Əsəd Məmmədov
AZƏRTAC-ın redaksiya müdiri