Aprel döyüşləri qazisi Üzeyir Nəcəfov: Lələ Təpənin özündə 21 düşmən meyiti var idi

 

 

Aprel döyüşlərinin başladığı o gecəni, snayper ixtisaslı kəşfiyyatçımız, qazi Üzeyir Nəcəfovun dilindən eşidin:

Üzeyir Nəcəfov 1985-ci il oktyabrın 5-də Füzuli rayonunun Kərimbəyli kəndində doğulub. Həqiqi hərbi xidmətini Dövlət Sərhəd Xidmətində aparan Üzeyir qüsursuz xidmətinə görə dəfələrlə komandanlıq tərəfindən mükafata layiq görülür. 2016-cı ilin aprel döyüşlərində Lələ Təpə yüksəkliyinin düşməndən azad edilməsi uğrunda gedən döyüşlər zamanı bədənin müxtəlif nayihələrindən və ayağından ağır güllə yaraları alıb, hazırda ikinci qrup müharibə əlildir.

Müsahibə:

"...- Snayper ixtisası olduqca maraqlı və səbr tələb edən sahədir. Maraqlıdır, cəbhədə neçə dəfə dəqiq hədəfə atəş açmısan?

- Bilirsiniz, düşmən tərəfdə xeyli sayda muzdlu döyüşçülər xidmət edir. Onların bir hissəsini xarici vətəndaşlar, bir hissəsini isə Suriyadan və digər ərəb ölkələrindən gələn ermənilər təşkil edir. Həmin muzdlular ordumuz tərəfindən məhv ediləndə, düşmən bunu gizlədə bilir. Çünki onlar həmin ölkədə qeydiyyatda deyillər. Xeyli belə hədəfə dəqiq və sərrast atəş açmışam. Ancaq düşmənin təsdiq etdiyi ən yüksək rütbəli zabitləri baş leytenant olub. Bundan başqa bir neçə texnikanı “İstiqlal”la sıradan çıxarmışam. Sonra kəşfiyyat qrupuna keçdim. Orada da snayper vəzifəsində xidmət etdim. Aprel döyüşlərinə qədər də elə orada oldum.

- Lələ Təpə yüksəkliyinə saat neçədə hərəkətə keçdiniz və düşmənin müdafiə səddini yarmaq çətin idimi?

- Düşmənin 25 ildir qurub yaratdığı müdafiə səddini cəmi bir neçə dəqiqəyə yardıq. Amma onlar elə zənn edirdilər ki, həmin səddi yarmaq bizim üçün çətin olacaq. Yenə vurğulayıram, onlar sadəcə özlərinin miflərinə inanırdılar. Bizə əks hücum əmri veriləndən qısa müddət sonra, yəni saat dörd - beşə on beş dəqiqə işləmiş biz Lələ Təpəni ələ keçirmişdik.

- Döyüşə girən zaman ilk açdığınız atəşi xatırlayırsanmı?

- İlk atəşi düşmən səngərinə girəndən sonra açdım. Orada hər kəsin bir vəzifəsi var idi. Ruslanla mənim təyinatım orada qəbirstanlıq deyilən ərazidə yerləşən düşmənin kəşfiyyat tağımının qarşısını kəsmək idi. Doğrudur, düşmənin möhkəm mövqeləri var idi, amma onlar elə təşvişə düşmüşdülər ki, sadəcə qaçıb canların qurtaraq istəyirdilər. Mənim də ilk atəşim öz mövqeyimdə hərəkət edən düşmən görən zaman oldu.

- Sizin ərazidə neçə düşmən meyiti qalmışdı?

- Bizim girdiyimiz səngərdə, yəni Lələ Təpənin özündə 21 düşmən meyiti var idi. Bundan başqa səngərdən kənarda da çoxlu meyitləri var idi. Ölənlərin içərisində zabitlər, gizirlər və çavuşlar da var idi.

- Qrupdan şəhid olan oldumu?

- Bəli. İlk şəhid Qəhrəmanov Ruhin oldu. O, sağ istiqamətdə hərəkət edən qrupun tərkibindəydi. Sonra gizir Nicat İsgəndərov... (kədərli ifadə ilə xəyala dalır)

- Üzeyir, yaralanmağın necə oldu?

- Artıq Lələ Təpə postunu və düşmənin 7 postunu ələ keçirmişdik. Biz irəliyə doğru hərəkətə keçdik. Həmin zaman artıq hava işıqlaşmışdı. Biz irəlidə düşmənə məxsus UAZ markalı maşınla rastlaşdıq. Maşın mühərriki işə salınmış vəziyyətdə idi. Qrupumuz maşına atəş aça-aça yaxınlaşdı. Çatanda gördük ki, düşmən dağı yararaq orada kazarma tikib. Ora yuxarıdan görünmürdü. Həmin yerdə atışma başladı. Biz üç istiqamətdən oranı mühasirəyə aldıq. Elə bilirdik ki, orada iki-üç nəfər var. Amma UAZ-ın orada olmasından müəyyən etdik ki, kimdirsə komandir heyyətindəndir. Onu diri-diri ələ keçirməyə qərar verdik. Əvvəlcədən xəbərdarlıq edib onlara müddət verdik ki, təslim olsunlar. Lakin onlar hiylə işlətməyə cəhd etdilər. Məlum oldu ki, kazarmanın içərisindən çəkdikləri yeraltı yolla qaçaq istəyirlər. Dərhal oranı qumbaratanla vurduq. Qısa müddətdə susqunluq yarandı. Biz kazarmaya tərəf hərəkətə başladıq. Hər tərəfi nəzarətdə saxlaya-saxlaya irələdik. Mən aşağıya çöküb güllə darağını doldurmağa başladım ki, içəridə qarşılacağımız hər şeyə tam hazır olaq. Həmin zaman kiminsə alnımı nişan almasını hiss elədim. Məsafəmiz çox qısaydı. Yerdə oturuqlu vəziyyətdə olduğumuz üçün cəld hərəkətlə onu vurmağım qeyri-mümkün idi. Ona görə də o atəş açan zaman özümü birazca yuxarı tulladım. Düşmən zabitinin atdığı güllələrin üçü qarınıma biri isə ayağıma dəydi. Yoldaşlarım onu yerindəcə məhv etdilər. Sonra məni tibbi yardım maşınına apardılar.

- Həmin döyüşlər zamanı yanınızda yüksək rütbəli zabitlərin sizinlə çiyin-çiyinə döyüşə girməsi sizə necə təsir bağışlayırdı?

- Əlbətdə ruh yüksəkliyi, özünəinam yaradırdı. Məsələn, Milli Qəhrəmanımız Şükür Həmidov və digər komandirlərimizi yanımızda bizimlə çiyin-çiyinə görəndə, bizdə elə ruh yüksəkliyi yaranmışdı ki, lap Şuşaya qədər də gedə bilərdik. Sözsüz ki, bunu indi də edə bilərik.

- Lələ Təpə azad olunan zaman bir bayraq əhvalatı olub. Məndəki məlumata görə, orada sizinlə döyüşə girən bir çavuş əvvəlcədən döş cibində apardığı bayrağı orada zirvənin ətəyinə sərib?

- Bəli, xatırlayıram... Bunu Əliyev Asim etmişdi. Yenə deyirəm, biz hamımız o yüksəkliyi işğaldan azad edəcəyimizə inanırdıq. Buna görə də bu fikir onun ağlına gəlmişdi. O, zirvənin lap yuxarı ətəyinə yaxasından çıxardığı bayrağımızı sərdi və qrup komandrimizlə birlikdə onu külək atmasın deyə torpağa bərkitdilər. Bu jest sanki bizi qanadlandırdı. Həmin an sevincdən gözlərim yaşarmışdı. Amma ağlamağa da vaxtımız yox idi... O anlar həyatımın ən şirin xatirəsi kimi yazıldı yaddaşıma. (Gülümsəyir...)

- Bir mövzuyada toxunmaq istəyirəm. Aprel döyüşləri zamanı arxa cəbhədəki vəziyyət, yəni dinc əhalidəki əhval-ruhiyyə döyüşçüləri qane edirdimi?

- Sizə bir epizod danışım. Deməli, mən yaralı vəziyyətdə hospitalda idim. Bir az özümə gəlmişdim. Gördüm ki, dəhlizdə bir qadın səsi gəlir. Həmin qadın həkimlə ciddi mübahisə edirdi. Səs get-gedə bizim palataya yaxınlaşırdı. Baxdım ki, bir hamilə qadın əlində şüşə balonla dolu dovğa gətirib və təkidlə həkimə deyir ki, icazə ver hər bir yaralıya bundan bir qaşıq da olsa, öz əllərimlə verim. Həmin səhnədən sonra sizi inandırım ki, durub döyüş səngərinə qaçmaq istəyirdim. Bundan başqa, paytaxtdan və ölkənin digər ərazilərindən xeyli sayda iş adamları gəlib həkimlərə deyirdilər ki, xaricdən hansı dərman pereparatı lazımdırsa, bizə deyin dərhal gətirək. Qan vermək istəyən yüzlərlə insan gördüm. Bir sözlə, ön cəbhədə vəziyyət necə idisə arxa cəbhədə də elə idi."

2019-04-10 / 16:14
Facebook