Bakının Nərimanov rayonunda məcburi köçkünlərin məskunlaşdığı yataqxana qəsdən yandırılıb.
Bunu jurnalistlərə açıqlamasında Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Rövşən Rzayev bildirib.
O, qeyd edib ki, hadisə ilə bağlı cinayət işi başlanıb, müvafiq ekspertizalar təyin edilib.
Bu gün Babək prospektində baş verən yanğına gəldikdə isə, komitə sədri vurğulayıb ki, bunun qəsdən törədilməsi təyin olunacaq ekspretizanın rəyindən sonra məlum olacaq.
Qeyd edək ki, martın 5-də gecə 23.30 radələrində Bakı şəhərinin Nərimanov rayon ərazisində, M.Məmmədov küçəsində məcburi köçkünlərin müvəqqəti məskunlaşdığı yataqxanada yanğın baş verib. Bu barədə xəbər alındıqdan dərhal sonra Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədr müavini Fuad Hüseynov, MKSİF-in direktoru Mahir Abbaszadə və digər məsul işçilər hadisə yerində olublar.
Yanğın baş verdikdən sonra Dövlət Komitəsi tərəfindən yaradılmış komissiya hadisə yerinə gedib, siyahıyaalınma aparılıb.
Yataqxanının üçüncü mərtəbəsində Səriyyə Hacıyevaya məxsus otaqda baş vermiş yanğının zəhərli təsirindən 8 nəfər xəsarət alıb, dərhal xəstəxanaya aparılıb. Hadisə nəticəsində Laçın rayonundan məcburi köçkün Eliza Əliyeva və Surxay Əliyev dünyasını dəyişib.