2010 və 2011-ci illərdə Avropa çempionu olan Cəbrayıl Həsənov səkkiz illik fasilədən sonra titul həsrətinə son qoydu.
Altıncı dəfə Avropa çempionatının finalına çıxmaqla kişi güləşçilərimiz arasında rekorda imza atan Cəbrayıl indi həm də üçqat Avropa çempionudur. Sərbəst güləş yığmamızın kapitanı qələbə təəssüratını Azərbaycan Güləş Federasiyasının rəsmi saytı ilə bölüşüb:
“Sonuncu dəfə 2011-ci ildə Avropa çempionu olmuşdum. Həqiqətən də bu yarışda yenidən çempion olmağı çox arzulayırdım. Şükürlər olsun, Allah qismət etdi. Yarışdan əvvəl əsas rəqiblərimin Gürcüstan və Rusiya güləşçilərinin olduğunu demişdim. İlk görüşdə çox enerji sərf etdim. Yorulmuşdum və hesabda geridə idim. Ancaq geridönüş edə bildim. Ən çətin görüşüm də məhz gürcü ilə qarşılaşmam oldu”.