Azərbaycanın sərbəst güləşçisi Cəbrayıl Həsənov Rumıniyanın paytaxtı Buxarestdə keçirilən Avropa çempionatında qızıl medal qazanıb.
Azərbaycan Güləş Federasiyasının Mətbuat xidmətindən verilən məlumata görə, buna səbəb 79 kq çəki dərəcəsindəki 29 yaşlı pəhləvanın finalda güləşəcəyi rusiyalı rəqibi Ahmed Hacımaqomedovun zədəli olmasıdır. Hacımaqomedov Ukrayna təmsilçisi Aleksey Domanitskiyə 7:0 hesabı ilə qalib gəldiyi yarımfinal görüşündə dizindən xəsarət alıb. Həkimlər onun yarımfinalda aldığı zədə üzündən həlledici görüşə çıxmasına icazə verməyiblər.
Daha əvvəl Həsənov 2010 və 2011-ci illərdə də Avropa çempionu olub.
Qeyd edək ki, bu gün Azərbaycanın daha iki sərbəst güləşçisi final görüşünə çıxacaq. Hacı Əliyev (65 kq) və Ağahüseyn Mustafayev (70 kq) müvafiq olaraq türkiyəli Selahəttin Kılıcsallayan və Mustafa Kaya ilə üz-üzə gələcək. 57 kq çəki dərəcəsindəki Mahir Əmiraslanov bürünc medal görüşündə fransalı Zuheyir Əl Orajı, 97 kq-dakı Nurməhəmməd Hacıyev isə Makedoniya təmsilçisi Məhəmmədhacı Nurovu sınağa çəkəcək.