“Kəşfiyyatçılarımız, döyüş qruplarımız Lələtəpə yüksəkliyini ələ keçirdikdən sonra düşmən qaçırdı. Bir neçə düşmən hərbi qulluqçusu, hətta zabitləri “öldürməyin, öldürməyin, biz təslimik, qaçırıq” deyərək yalvarırdılar”.
Bu sözləri Azərbaycan Ordusunun Birlik komandiri general-mayor Mayis Bərxudarov bildirib.
Aprel döyüşləri ərəfəsində cəbhədəki vəziyyət və həmin döyüşlər zamanı ordumuzun fəaliyyəti ilə bağlı məlumat verən M. Bərxudarov bildirib ki, 2016-cı il mart ayının ikinci yarısında düşmən qüvvələri Horadiz yaşayış məntəqəsi, Qazaxlar, Cocuq Mərcanlının bir hissəsi, Aşağı Əbdürrəhmanlı, Şükürbəyli kimi istiqamətləri bir neçə dəfə güclü artilleriya atəşinə tutdular, snayperlərin fəaliyyəti gücləndi. Bu zaman düşmən qruplar halında bizim bölmələrimizi, ön xətdə olan döyüş mövqelərimizi ələ keçirmək, daha əlverişli mövqe tutmaq istəyirdi. Lakin bu vaxt düşmən Azərbaycan Ordusunun hazırlıqlı, hər an döyüşə atıla biləcək qəhrəman əsgərləri ilə qarşılaşdı.
General deyir ki, istədikləri sadəcə düşmənə, qəfil olan hərəkətə qarşı, hansı əks-tədbir göstərilə biləcəyini göstərmək idi.
“Biz gözləmə rejimində düşmən fəaliyyətinin, onların “qəfil” hesab etdiyi tədbirləri onların özlərinə qarşı istifadə etdik. Düşmənin diversiya qrupları neytral bölgədə məhv edildikdən sonra Lələtəpə istiqamətində əks-hücuma başladıq. İlk olaraq bir neçə qrup halında həmin döyüş mövqeyində olan bölmələrimiz, şəxsi heyətimiz düşmən tərəfə onların açdığı cığırlarla irəlilədi və ona güclü atəş zərbəsi endirdi”, - deyə o vurğulayıb.
M. Bərxudarov söyləyir ki, düşmən bu fəaliyyəti icra etmək istəsə də, hazır deyildi, çünki onlar gözləmirdilər ki, ordumuz onun fəaliyyətini özünə qarşı istifadə edər. Döyüş əməliyyatı barədə danışan general bilidirib ki, hərbi qüvvələrimiz ilkin olaraq Lələtəpə istiqamətində, onun sağ-sol cinahlarında bir neçə əlverişli mövqeni, düşmənin uzunmüddətli atəş nöqtələrini ələ keçirdi. Düşmən bu ərazidə qüvvələrimizə müqavimət göstərərək, onları buraxmamağa çalışsa da, əsgərlərimiz o qədər hazırlıqlı, qorxmaz idilər ki, birbaşa düşmənin səngərinə girib, onu yerindəcə məhv etdilər.
“Kəşfiyyatçılarımız, döyüş qruplarımız Lələtəpə yüksəkliyini ələ keçirdikdən sonra düşmən qaçırdı. Bir neçə düşmən hərbi qulluqçusu, hətta zabitləri “öldürməyin, öldürməyin, biz təslimik, qaçırıq” deyərək yalvarırdılar.
40 dəqiqədən sonra ki biz onların mövqelərini tam ələ keçirdik, düşməndən ümumiyyətlə bir atəş səsi gəlmədi. Çünki bir adam da yox idi. Səngərdə kim var idisə, artıq məhv etmişdik. Onların artilleriya bölmələrini, artilleriya silahlarını məhv etmişdik. Düşmən bizə atmırdı, görürdü ki, hardan artilleriya atəşi atırdısa, onu artilleriya atəşi ilə məhv edirik, snayperlər atırdısa, snayperlərlə məhv edirik. Yəni bu cəhətdən düşmən o qədər hazırlıqlı bir ordu ilə qarşılaşdı ki, qaçmaqdan başqa əlacı yox idi”, - deyə o xatırlayır.
Düşmənin bəzi yerlərdə guya bizim tərəfdən döyüşənlərin xüsusi hazırlanmış qüvvələr olması ilə bağlı səsləndirdiyi fikirlərə də münasibət bildirən general bunun yanlış olduğunu və vuruşanların elə həmin döyüş mövqeyində dayanan əsgərlər olduqlarını diqqətə çatdırıb: “Xeyr, elə həmin mövqedə dayanan əsgərlər, bizim yeniyetmə, gənc əsgərlərimiz birbaşa mövqeyə girdilər. Onlar arasında şəhid olanlar da var və sevindirici haldır ki, əsgərlərimiz bu gün də bunu etməyə hazırdırlar”.
Birlik komandiri ölkəmizin artıq nizami orduya sahib olduğunu, ordumuzda heç bir özbaşınalığın olmadığını, bütün tapşırıqların Ali Baş Komandanın göstərişi ilə həyata keçirildiyini ifadə edib: “İndi bizim ordu artıq nizami ordudur, özbaşına ordu deyil ki, hər kəs öz istədiyini etsin. Kim hansı komandanı alırsa, onu da yerinə yetirir. Biz tapşırıqları Ali Baş Komandanın göstərişi ilə həyata keçiririk. Mən həmin döyüşlər zamanı çox qürur hissi yaşadım ki, bizim belə ordumuz, təminatımız var. Biz öz torpağımız üçün hər dəqiqə, hər an döyüşə girməyə, torpağımızı azad etməyə və lazım olsa, şəhid olmağa hazırıq”.
2019-04-04 / 15:28