Azərbaycan Prezidenti: Aprel döyüşləri zamanı mülki vətəndaşlarımız da qəhrəmanlıq göstəriblər

 

 

Aprel döyüşləri zamanı mülki vətəndaşlarımız da qəhrəmanlıq göstəriblər.

Bunu Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev aprelin 2-də Müdafiə Nazirliyinin Xüsusi Təyinatlı Qüvvələrinin N saylı hərbi hissəsində hərbçilərlə görüşündə deyib.

Ermənistanın təxribatı nəticəsində bir neçə mülki şəxsin həlak olduğunu, yüzlərlə evin sıradan çıxdığını, yandırıldığını xatırladan dövlətimizin başçısı bütün bu evlərin qısa müddətdə bərpa edildiyini vurğulayaraq deyib: “Döyüşlərdən sonra getdiyim həmin o təmas xəttinə yaxın yerləşən kəndlərdə vətəndaşlarla görüş əsnasında gördüm ki, bu vətəndaşlarda nə qədər milli ruh var, bunlar nə qədər qorxmaz insanlardır, atəş altında qalaraq öz doğma evlərini, kəndlərini tərk etməmişlər”.

Döyüşlər nəticəsində Cocuq Mərcanlı kəndinə yeni həyat verildiyini xüsusi qeyd edən Azərbaycan Prezidenti bildirib: “Cocuq Mərcanlı qısa müddət ərzində yenidən quruldu, 150 fərdi ev, məktəb, uşaq bağçası, tibb məntəqəsi, Şuşa məscidinin bənzəri olan məscid tikildi, yeni iş yerləri yaradılır. Yəni, Cocuq Mərcanlıya həyat qayıdıb. Bu, bir daha onu göstərir ki, Azərbaycan xalqı bu vəziyyətlə heç vaxt barışmayacaq. Bu, bir daha onu göstərir ki, hər bir Azərbaycan vətəndaşı bir arzu ilə yaşayır - bizim işğal altındakı torpaqlarımız tezliklə azad olunsun və Azərbaycan öz ərazi bütövlüyünü bərpa etsin”.

2019-04-03 / 11:16
Facebook