Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva aprel şəhidi, polkovnik-leytenant Sənan Axundovun ailəsinə ev verib.
Bununla bağlı Sənan Axundovun həyat yoldaşı Nəcibə Axundova məlumat verib.
Onun sözlərinə görə, bununla bağlı qərar bu gün ailəyə çatdırılıb.
N.Axundova bildirib ki, yeni iki otaqlı mənzil Bakının Nərimanov ərazisində yerləşir:
“Heydər Əliyev fondunun nümayəndələri ilə bu gün görüşdük. Məsələ ilə bağlı verdikləri reaksiyaya görə onlara təşəkkür edirəm. İnanırdım ki, Mehriban xanım bu məsələni diqqətdən kənarda qoymayacaq. Övladlarımı dövlətimin qayğısı sayəsində saxlayıram. Bütün bunlara baxmayaraq, ümid edirəm ki, Şərurlu İsfəndiyar öz layiqli cəzasına çatacaq”.
Qeyd edək ki, aprel şəhidi, polkovnik-leytenant Sənan Axundovun ailəsinə məxsus ev əllərindən alınıb. Bu barədə Ali Məhkəmə qərar çıxarıb. Şəhid ailəsindən onlara məxsus olan evə görə 100 min manat pul istənilib.
Məlumata görə, S. Axundov şəhid olmamışdan bir neçə il əvvəl Kamran MMC-nin tikdiyi binadan 50 kvadratmetr yer götürüb, sonra “Kamran MMC”nin işçiləri barəsində cinayət işi başlanılıb və binanın 11 mərtəbəsini biznesmen Şərurlu İsfəndiyar alıb.
İş adamı həmin binada əlavə beş mərtəbə də tikib. Şərurlu İsfəndiyar isə sakinlərlə şərt kəsib. Deyib ki, binadakı mənzillər üçün onun istədiyi qiymət ödənilməlidir.
Məhkəmə proseslərindən biri Sənan Axundov sağ olanda baş tutub. Qərar Axundovlar ailəsinin lehinə olub. Lakin Ali Məhkəmə Şərurlu İsfəndiyarı müdafiə edib və şəhid ailəsini evsiz qoyub.