İyunun 14-də Moskvada futbol üzrə XXI dünya çempionatına start veriləcək.
İzləyici sayına görə Olimpiya Oyunları ilə yanaşı, ən böyük iki yarışdan biri olan XXI dünya çempionatına planetin bütün bölgələrindən 3,5 milyard tamaşaçının baxacağı gözlənilir.
“Rusiya 2018”: 32 komanda, bir hədəf
Dünyanın ən nüfuzlu idman yarışı Bakı vaxtı ilə saat 18:30-da möhtəşəm açılış mərasimi ilə başlayacaq. Açılış mərasimi və ilk oyun Moskvadakı 81 min tamaşaçı tutumuna malik “Lujniki” stadionunda keçiriləcək. Çempionatın açılış mərasiminin şousunda ingiltərəli məşhur müğənni Robbi Uilyams, rusiyalı tanınmış opera müğənnisi Aida Qarifullina və futbol üzrə ikiqat dünya çempionu, braziliyalı Ronaldo iştirak edəcəklər.
Açılış mərasimindən sonra keçiriləcək ilk oyunda “A” qrupunda yer alan ev sahibi Rusiya millisi Səudiyyə Ərəbistanı yığması ilə qarşılaşacaq. Mundialın açılış oyununu argentinalı Nestor Pitana idarə edəcək.
Dünya çempionatında 32 milli komanda mübarizə aparır. Millilər hər birində dörd komanda olan səkkiz qrupda yer alıblar:
“A” qrupu: Rusiya, Səudiyyə Ərəbistanı, Misir və Uruqvay;
“B” qrupu: Portuqaliya, İspaniya, Mərakeş, İran;
“C” qrupu: Fransa, Avstraliya, Peru, Danimarka;
“D” qrupu: Argentina, İslandiya, Xorvatiya, Nigeriya;
“E” qrupu: Braziliya, İsveçrə, Kosta-Rika, Serbiya;
“F” qrupu: Almaniya, Meksika, İsveç, Koreya Respublikası
“G” qrupu: Belçika, Panama, Tunis, İngiltərə;
“H” qrupu: Polşa, Seneqal, Kolumbiya, Yaponiya.
Hər qrupda ilk iki yeri tutan komandalar səkkizdəbir final mərhələsinə vəsiqə qazanacaqlar.
Dünya çempionatının qrup mərhələsinin oyunları iyunun 14-dən 28-dək keçiriləcək. Bir günlük istirahətdən sonra - iyunun 30-da start veriləcək səkkizdəbir final mərhələsinə iyulun 3-də yekun vurulacaq. İyulun 4-ü və 5-i çempionatda növbəti istirahət günləri olacaq. İyulun 6-da və 7-də dörddəbir, iyulun 10-da və 11-də yarımfinal görüşləri keçiriləcək. İyulun 14-də üçüncü yer uğrunda görüş, 15-də isə final matçı və bağlanış mərasimi olacaq.
Futbol üzrə dünya çempionatı – FIFA prezidenti Jül Rimenin ideyası
Futbol üzrə dünya çempionatının keçirilməsi təşəbbüsü 1921-1954-cü illərdə FIFA-nın prezidenti olmuş fransalı Jül Rimeyə məxsusdur. FIFA-nın 1928-ci ildə Amsterdamda təşkil edilən iclasında Jül Rimenin hər dörd ildən bir dünya çempionatının keçirilməsi ideyası hamı tərəfindən bəyənilib. Nəticədə 1930-cu ildə Uruqvayın ev sahibliyi ilə 13 milli komandanın mübarizə apardığı ilk dünya çempionatı keçirilib. Jül Rimenin bu təşəbbüsü ilə əlaqədar dünya çempionatı uzun müddət “Jül Rime Kuboku” da adlandırılıb. İkinci Dünya müharibəsi ilə əlaqədar 1942-ci və 1946-cı illərdə dünya çempionatları təşkil edilməyib.
FIFA-nın qərarına əsasən, üç dəfə çempion olan milli komanda mundialın kubokuna - “Qızıl İlahə”yə birdəfəlik sahib olmaq hüququ qazanırdı. 1970-ci ildə üçüncü dəfə dünya çempionu olan braziliyalıların “Qızıl İlahə”ni öz ölkələrinə aparmalarından sonra FIFA yeni – hazırkı kuboku təsis edib. Rəsmi olaraq “FIFA Dünya Çempionatı Kuboku” adlandırılan yeni kubok qaydalara görə heç bir ölkəyə daimi verilmir. Çempion olan komandalara yalnız onun surəti təqdim edilir və kubokun əslinin altında mundialın keçirildiyi il, onun qalibi olan ölkənin adı yazılır.
1982-1994-cü illərdə keçirilən dörd dünya çempionatında 24 komanda 6 qrupda mübarizə aparıb. 1998-ci ildən etibarən isə dünya çempionatlarının final mərhələlərində 32 komanda çempion adı uğrunda yarışır. 2026-cı ildə təşkil olunacaq mundialda FIFA-nın hazırkı prezidenti Canni İnfantinonun təşəbbüsü ilə 48 komanda hər birində üç millinin olduğu 16 qrupda yarışacaq.
Qeyd edək ki, növbəti – XXII dünya çempionatı 2022-ci ildə Qətərdə təşkil olunacaq. FIFA-nın ötən gün Moskvada keçirilən 68-ci yığıncağında səsvermə nəticəsində 2026-cı ildə təşkil olunacaq XXIII dünya çempionatına Kanada, ABŞ və Meksika birlikdə ev sahibliyi edəcəklər.
Dünya çempionatlarında “Braziliya rüzgarı”
Futbol üzrə ən çox dünya çempionu olan komanda Braziliya millisidir. Braziliyalılar 5 dəfə kuboku başları üzərinə qaldırıblar. İlk dəfə 1958-ci ildə İsveçdə, dörd il sonra isə Çilidə keçirilən mundialın qalibi olan braziliyalılar 1970-ci ildə Meksikadakı turnirdə qalib gələrək üçqat dünya çempionu kimi “Qızıl İlahə”ni öz ölkələrinə aparıblar. Braziliya millisi yeni kuboku üçüncü çempionluqdan 24 il sonra – 1994-cü ildə ABŞ-da keçirilən dünya çempionatında başları üzərinə qaldıra biliblər. Sonuncu – beşinci çempionluğa 2002-ci ildə Koreya Respublikasının və Yaponiyanın birlikdə təşkil etdikləri mundialda nail olan Braziliya yığması bu göstərici üzrə dünyada rekord müəyyənləşdiriblər.
Braziliyadan sonra ən çox dünya çempionu adına İtaliya və Almaniya milliləri (4 dəfə) sahib olublar. İtaliyalılar 1934-cü, 1938-ci, 1982-ci və 2006-cı illərdə çempion adını qazanıblar. Almaniya yığması isə 1954-cü, 1974-cü, 1990-cı və 2014-cü illərdə dünya çempionu olublar. Argentina (1978, 1982) və Uruqvay (1930, 1950) iki, İngiltərə (1966), Fransa (1998) və İspaniya (2010) isə bir dəfə dünya çempionu adını qazanıblar.
Tomas Müller mundialların ən məhsuldar futbolçusu ola biləcəkmi?
Futbol üzrə dünya çempionatlarında ən çox qol vuran futbolçu Almaniya yığmasının sabiq üzvü Miroslav Klozedir. O, 24 oyunda 16 dəfə qol sevinci yaşayıb. Braziliya yığmasının sabiq hücumçusu Ronaldonun aktivində isə 15 qol (19 oyun) var. Bu göstərici üzrə ən yaxşı nəticə Qərbi Almaniya yığmasının heyətində çıxış etmiş Gerd Müllerə məxsusdur – 13 oyunda 14 qol. Bir çempionatda ən çox qol vuran futbolçu isə 1958-ci ildə Fransa yığmasının heyətində bombardir olmuş Jüst Fontendir. O, həmin çempionatda 13 dəfə rəqib qapılarına yol tapıb.
Rusiyadakı dünya çempionatında iştirak edən millilərin heyətində ən çox qol vuran futbolçu almaniyalı Tomas Müllerdir. Hesabında 10 qol olan 28 yaşlı futbolçu 2010-cu və 2014-cü illərdəki çempionatların hər birində 5 dəfə fərqlənib. Hazırda dünyanın ən güclü futbolçuları olan Lionel Messi dünya çempionatlarında cəmi 5, Kriştiano Ronaldo isə 3 dəfə fərqlənib. Hər iki futbolçu üç dünya çempionatında iştirak edib.