Maurisio Süleyman: Azərbaycan Ümumdünya Boks Şurasına qoşulan 166-cı ölkədir

15071995085066955826_1000x669

Ümumdünya Boks Şurasının (WBC) Bakıda təşkil olunan 55-ci Konvensiyası məhsuldar şəraitdə keçdi. Burada yüksək qonaqpərvərlik və mehribanlıqla qarşılandıq.

Bu sözləri WBC-nin Bakıda keçirilən 55-ci Konvensiyasının yekunları ilə əlaqədar oktyabrın 5-də təşkil olunan mətbuat konfransında qurumun prezidenti Maurisio Süleyman deyib.

M.Süleyman bildirib: “Bir neçə ay əvvəl 55-ci Konvensiyanın Bakıda təşkil olunması ilə bağlı Azərbaycana müraciət etmişdik. Bu məsələdə dünya çempionu Vitali Kliçkonun böyük rolu var. Azərbaycanın bu mötəbər tədbirə yüksək səviyyədə ev sahibliyi etməsinə görə Prezident İlham Əliyevə dərin təşəkkürümü bildirirəm. Səfərimiz zamanı Prezident İlham Əliyev bizi qəbul etdi və çox maraqlı görüşümüz oldu. Azərbaycan Prezidenti ölkədə Peşəkar Boks Federasiyasının yaradılması barədə göstəriş verib. Çox sevindirici haldır ki, Azərbaycan Ümumdünya Boks Şurasına qoşulan 166-cı ölkədir. Ən azı üç il sonra Azərbaycan boksçularından çempionluq gözləyirik”.

Qurumun prezidenti vurğulayıb ki, Konvensiyada bir çox məsələlər müzakirə olunub, qərarlar qəbul edilib. O, hakim və məşqçilər üçün təlimlərin, qadınlar arasında boksun inkişafının və mütləq baş tutmalı olan görüşlərin təşkilinin, həmçinin təhlükəsizliyin WBC üçün prioritet olduğunu deyib.

2018-ci ildə Bakıda çempionluq döyüşünün keçiriləcəyini diqqətə çatdıran M.Süleyman Azərbaycanda istedadlı boksçuların kifayət qədər olduğunu vurğulayıb.

Sonra jurnalistlərin sualları cavablandırılıb.

2017-10-05 / 14:45
Facebook