Sentyabrın 29-da qadın voleybolçular arasında Avropa çempionatının Milli Gimnastika Arenasında keçirilən dörddəbir final mərhələsinə yekun vurulacaq.
Saat 18:00-da start götürəcək ilk oyunda Azərbaycan və Almaniya yığmaları meydana çıxacaqlar. Voleybolçularımız qrup mərhələsindəki nailiyyəti təkrarlayıb yarımfinal mərhələsinə vəsiqə qazanmağa çalışacaqlar. Komandamız qrup mərhələsində Almaniya kollektivini 3:1 hesabı ilə məğlub edib. Bu qarşılaşmanın qalibi finala gedən yolda Niderland yığması ilə qarşılaşacaq.
Saat 20:30-da isə Rusiya və Türkiyə komandaları mübarizəyə qoşulacaqlar. Türkiyə millisi qrup mərhələsində 1:3 hesablı məğlubiyyətin revanşını almaq üçün yarışacaq. Oyunu öz xeyrinə başa vuran komanda yarımfinalda çempionatın favoritlərindən sayılan Serbiya kollektivinin rəqibi olacaq.