Təhsil İşçilərinin Peşəkar İnkişafı İnstitutunda (TİPİİ) ibtidai sinif müəllimləri üçün ixtisasartırma proqramlarının yenilənməsi istiqamətində işlər aparılır. Artıq dərs müşahidələri, müəllimlərlə müsahibələr, şagird nailiyyətlərinin təhlili və digər tədqiqatlar əsasında yeni, ehtiyaclara uyğun təlim proqramlarının hazırlanması prosesi başa çatıb. Oktyabrdan etibarən həmin proqramların pilot qaydada sınaqdan keçirilməsinə başlanılacaq.
TİPİİ-dən bildiriblər ki, proqramlar “Məktəbəhazırlıq qruplarında öyrədici və inkişafetdirici mühitin təşkili”, “Məktəbəhazırlıq dövründə didaktik oyunlardan istifadə”, “İbtidai siniflərdə yazı işinin təşkili”, “İbtidai təhsildə oxuyub anlama bacarıqlarının inkişaf etdirilməsi metodikası”, “Sinfin idarəedilməsi”, “İbtidai təhsildə məktəbdaxili qiymətləndirmənin təşkili metodikası” mövzularını əhatə edəcək. Proqramların müddəti məzmundan asılı olaraq fərqlənir. Belə ki, məşğələləri müəllimlərin iş rejiminə uyğunlaşdırmaq məqsədilə həftədə bir dəfə dörd akademik saat olmaqla keçirilməsi planlaşdırılır.
Pilot təlimlər həm institut, həm də proqramda iştirak edən müəllimlər üçün faydalı olacaq. Bu sınaq imkan verəcək ki, proqramdakı boşluqlar vaxtında aradan qaldırılsın. Yeni proqramlar ibtidai sinif müəllimlərinin peşə səriştəsinin yüksəlməsinə töhfəsini verəcək.