Bu gün qadın voleybolçular arasında Avropa çempionatının final mərhələsinə start verilir

15060633255578431813_1000x669

Sentyabrın 22-də Azərbaycanın və Gürcüstanın birgə ev sahibliyi ilə qadın voleybolçular arasında Avropa çempionatının final mərhələsi start götürəcək.

Oktyabrın 1-dək davam edəcək çempionatda 16 komanda dörd qrupda mübarizəyə qoşulub. “A” qrupunda Azərbaycan, Almaniya, Polşa və Macarıstan yığma komandaları yer alıblar. Çempionata ev sahibliyi edən digər ölkənin - Gürcüstanın yığma komandası İtaliya, Xorvatiya və Belarus milliləri ilə birlikdə “B” qrupunda mübarizə aparacaq. Hazırkı Avropa çempionları – Rusiya voleybolçularının da yer aldığı “C” qrupunda Türkiyə, Bolqarıstan və Ukrayna yığmaları qrupdan çıxmaq uğrunda yarışacaqlar. “D” qrupunda isə Serbiya, Niderland, Belçika və Çexiya yığma komandaları yer alıb.

“A” və “C” qruplarının qarşılaşmaları Bakıdakı Milli Gimnastika Arenasında keçiriləcək. “B” qrupunun görüşləri Tbilisidə Yeni İdman Sarayında, “D” qrupunun matçları isə Göygöl Olimpiya İdman Kompleksində oynanılacaq.

Çempionata saat 15:30-da Rusiya-Ukrayna qarşılaşması ilə start veriləcək. Azərbaycan yığma komandası qrup mərhələsində sentyabrın 22-də Macarıstan, 24-də Polşa, 25-də isə Almaniya milli komandaları ilə qarşılaşacaq. Milli komandamızın bütün görüşləri saat 18:00-da başlayacaq.

Qaydalara əsasən, hər qrupdan iki komanda pley-off mərhələsinə vəsiqə qazanacaq. Çempionatın dörddəbir, yarımfinal və final görüşləri Bakıda – Milli Gimnastika Arenasında keçiriləcək.

Xatırladaq ki, Azərbaycanın qadın voleybolçuları Avropa çempionatlarında ən yaxşı nəticəni 2005-ci ildə Xorvatiyada keçirilən qitə birinciliyində göstəriblər. Həmin vaxt millimiz Avropa çempionatlarında ilk dəfə iştirak etməsinə baxmayaraq, dördüncü yeri tutub. Azərbaycanın qadın voleybolçuları həmin çempionatdan başlayaraq, sonrakı qitə birinciliklərinin final mərhələlərində çıxış edib.

2015-ci ildə Hollandiyanın və Belçikanın birgə ev sahibliyi etdikləri sonuncu Avropa çempionatında Rusiya milli komandası birinci yeri tutub. Hollandiya ikinci, Serbiya isə üçüncü olub. Azərbaycan yığması həmin çempionatı 14-cü sırada başa vurub.

2017-09-22 / 11:44
Facebook