Heydər Əliyev Fondunun təşəbbüsü ilə “İradənlə tarix yaz”, “Marafonda bizimlə ol” şüarı altında keçirilən “Gəncə marafonu-2017”də Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi Məlumat Hesablama Mərkəzinin əməkdaşı Türkay Zərgərli 4-cü olub.
Nazirlikdən bildirilib ki, "Sağlamlıq-2016" rabitə işçilərinin respublika spartakiadasında atletika üzrə yarışın qalibi olmuş nazirliyin Məlumat Hesablama Mərkəzinin əməkdaşı Türkay Zərgərli cari il aprelin 30-da keçirilən “Bakı Marafonu-2017”də 21 kilometr məsafəni 110 dəqiqəyə qət edərək, finişə çatan qadınlar arasında 30-cu olub.
Gəncə şəhərində Heydər Əliyev Park Kompleksindəki Zəfər Tağının önündən start götürən marafonun məsafəsi 17 kilometr təşkil edib. On bir mindən çox iştirakçının öz gücünü sınadığı bu yarışda qadınlar arasında birinci yeri Ukrayna vətəndaşı Valentina Poltavska, ikinci yeri Azərbaycan vətəndaşı Anna Yusipova, üçüncü yeri Böyük Britaniya vətəndaşı Nataşa Petersen qazanıb. Məlumat Hesablama Mərkəzinin əməkdaşı Türkay Zərgərli finişə çatan qadınlar arasında 4-cü olub.
Bu vaxtadək Heydər Əliyev Fondunun təşəbbüsü ilə 2016-cı və 2017-ci illərdə paytaxt Bakıda “Küləyə qalib gəl!” şüarı altında “Bakı Marafonu” təşkil olunub. Ardıcıl olaraq keçirilən marafonlara ümumilikdə Azərbaycandan və digər ölkələrdən 20 mindən çox iştirakçı qoşulub. Marafon region sakinləri tərəfindən böyük maraqla qarşılandığından yarışın Gəncə şəhərində də keçirilməsinə qərar verilib.
Xatırladaq ki, bu cür marafonlar indiyədək London, Paris, Boston, Nyu-York, Çikaqo, Berlin, Barselona, İstanbul və digər şəhərlərdə təşkil olunub.