Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında üçüncü turun son iki oyunu keçiriləcək.
Zirə İdman Olimpiya Kompleksinin stadionunda keçiriləcək oyunda altı xalla turnir cədvəlinin ilk pilləsində qərarlaşmış “Zirə” komandası üç xala malik və beşinci pillədəki “Sumqayıt”ı qəbul edəcək. İndiyədək bu komandalar çempionatda səkkiz dəfə üz-üzə gəliblər. Dördündə “Zirə” qalib gəlibsə, iki dəfə “Sumqayıt” üstün olub və iki dəfə heç-heçə qeydə alınıb. “Zirə” öz meydanında yalnız bir dəfə uduzub. Baş hakim Ömər Paşayevin idarə edəcəyi görüş saat 18:00-də başlayacaq.
Turun son və mərkəzi oyununda ötən mövsümün çempionu, bu mövsüm UEFA Çempionlar Liqasının qrup mərhələsinə vəsiqə qazanan “Qarabağ”la ötən çempionatın gümüş mükafatçısı “Qəbələ” klubu qarşılaşacaq. “Azərsun Arena”da keçiriləcək matç “Qəbələ” üçün də mühüm əhəmiyyət kəsb edir. Avropa Liqasında mübarizəni dayandırmış “qırmızı-qaralar” diqqətlərini çempionata yönəldiblər. Hazırda hər iki komandanın altı xalı var və turnir cədvəlində müvafiq olaraq ikinci-üçüncü yerləri bölüşürlər.
Əvvəlki 36 matçda “Qarabağ” 16, “Qəbələ” doqquz dəfə qələbə qazanıb. Bu komandalar arasında 11 heç-heçə qeydə alınıb. Son beş oyunda meydan sahibləri uduzmayıb. “Qarabağ” son dörd ev matçında məğlub olmayıb.
Baş hakim Fariz Yusifovun idarə edəcəyi “Qarabağ”–“Qəbələ” qarşılaşmasına saat 20:30-da start veriləcək.