SOCAR istiqrazları üzrə ödəniş tarixi açıqlandı

14990632974131222211_1000x669

SOCAR istiqrazları üzrə növbəti faiz ödənişinin tarixi açıqlanıb.

“SOCAR Capital”dan bildirilib ki, istiqrazlar üzrə növbəti faizlər iyulun 17-də ödəniləcək. Həmin tarixdə istiqraz sahibləri hər istiqraza görə 12,5 dollar gəlir əldə edəcək. Ümumilikdə, istiqraz sahiblərinə 1 milyon 250 min dollar ödəniləcək.

Qeyd edək ki, bu, SOCAR istiqrazları üzrə sayca 3-cü faiz ödənişi olacaq. Əvvəlki faiz ödənişləri yanvarın və aprelin 17-də həyata keçirilib. Həmin ödənişlər nəticəsində istiqraz sahibləri indiyədək 2,5 milyon dollar qazanıblar.

Xatırladaq ki, nominal qiyməti 1000 dollar olan və faizləri hər 3 aydan bir ödənilən SOCAR istiqrazlarının illik gəlirliliyi 5 faizdir. Ümumilikdə istiqraz sahiblərinə ildə 5 milyon dollar ödənilir.

İstiqrazlar dollarla satıldığına görə, bütün faiz ödənişləri də dollarla həyata keçirilir. Faizlər istiqraz sahiblərinin bank hesablarına köçürüləcək və onlar bu pulları istədikləri kimi istifadə edə bilirlər.

SOCAR istiqrazları Azərbaycanın qiymətli kağızlar bazarında, əhali tərəfindən ən çox alınan qiymətli kağız sayılır. İstiqrazların əsas üstünlükləri SOCAR tərəfindən nominal qiymətə alış zəmanəti və likvidliyinin yüksək olmasıdır. Nəticədə, istiqrazların qiyməti dəyəri nominal qiymət olan min dollardan heç vaxt aşağı düşmür və onları cəmi bir neçə dəqiqəyə nağd pula çevirmək mümkündür. Bu xüsusiyyətinə görə artıq özəl şirkətlər də vəsaitlərini SOCAR istiqrazlarında saxlamağa üstünlük verirlər.

SOCAR istiqrazlarını təkrar bazardan əldə etmək üçün 1 və 5 saylı “ASAN Xidmət” mərkəzlərinə və ya *1999 “qaynar xətt”ə müraciət etmək lazımdır.

2017-07-03 / 11:34
Facebook