Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi nəqliyyat donanmasına məxsus “Cəfər Cabbarlı” quru yük gəmisi “Zığ” Gəmi Təmiri Zavodunda əsaslı təmirdədir. Teploxodun bütün maşın və mexanizmləri təmir olunub. Hazırda gəmidə gövdə-qaynaq işləri həyata keçirilir. Təmir prosesinin növbəti mərhələlərində gəminin anbarları modernizasiya olunacaq, ikinci gövdə qatı tikiləcək.
“Azərbaycan Xəzər Dəniz Gəmiçilik” QSC-nin mətbuat katibliyindən bildirilib ki, gəminin uzunluğu 123.50, eni 15 metrdir. Teploxodun maksimal sürəti 11.7 uzeldir.
Xatırladaq ki, “Cəfər Cabbarlı” gəmisinin məxsus olduğu Dəniz Nəqliyyatı Donanması müxtəlif təyinatlı yüklərin və sərnişinlərin daşınmasını həyata keçirir, rabitə, radiomərkəz və elektroradionaviqasiya üzrə müxtəlif xidmətlərin göstərilməsini təşkil edir, gəmilərin yüklənib-boşaldılmasını və yedək əməliyyatlarını, dibdərinləşdirmə işlərini aparır, habelə dəniz yolları naviqasiya işarələrinin yerləşdirilməsini və onların saz vəziyyətdə saxlanılmasını təmin edir, gəmilərin texniki istismar qaydalarına əsasən vaxtında və keyfiyyətlə təmir edilərək Dəniz Registrinə təqdim olunması üçün tədbirlər görür.
Dəniz Nəqliyyatı Donanmasının strukturuna quru yük limanı məntəqəsi, gəmi təmiri emalatxanası, gəmi dalğıc və xilasetmə vasitələrinə xidmət üzrə stansiya və nəqliyyat gəmiləri daxildir.