“Azəravtoyol” ASC ilk dəfə olaraq xüsusi təyinatlı yol texnikası üçün avadanlıqların istehsalına dair təcrübə-sınaq layihəsinin icrasına başlayıb.
“Azəravtoyol” ASC-dən bildiriblər ki, bu layihə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin istehsalda xarici komponentlərdən asılılığın azaldılması, bununla da yerli istehsalın stimullaşdırılması, istehsal olunan məhsulların nəinki daxili bazar üçün nəzərdə tutulması, həmçinin ixracyönümlü olmasına dair verdiyi tövsiyələr və tapşırıqlara əsasən həyata keçirilir.
Mütəxəssislər tərəfindən aparılmış araşdırma nəticəsində yol texnikası, maşın-mexanizmlər üçün əvvəllər böyük məbləğ hesabına xaricdən alınan xüsusi təyinatlı avadanlıqlar və onların bir çox hissələrini ölkəmizdə istehsal etmək, həmçinin kooperasiya yolu ilə müxtəlif xarici istehsalçılardan idxal edib yığım şəklində ərsəyə gətirilməsinin mümkünlüyü dəqiqləşdirilib.
Araşdırmaların nəticəsinə uyğun olaraq, aşağıda qeyd olunan xüsusi təyinatlı avadanlıqların həm yerli istehsalı, həm də kooperasiya yolu ilə (yəni mühərrik, hidravlik nasos, elektron ləvazimatlar, bir sıra həssas hissələrin tanınmış xarici istehsalçılardan idxal edilərək yığımda istifadə edilməsi) istehsalını həyata keçirmək mümkündür: yol-təmir avadanlıqları ilə təchiz edilmiş xüsusi təyinatlı avtomobil; bitum daşıyan və səpən avtomobillər (emulqatorlar); su daşıyan avtomobillər; yolların təmizlənməsi və yol ayrıclarında quraşdırılmış əyri xətli tirlərin yuyulması üçün nəzərdə tutulmuş avtomobillər; xüsusi sovurucu və yol süpürənlə təchiz edilmiş avtomobillər; paylayıcı və sayğacla təchiz edilmiş yanacaq daşıyan avtomobillər; qış aylarında istifadə edilən duz-qum səpən aqreqatlar.
Təcrübə-sınaq layihəsi çərçivəsində “Azəravtoyol” ASC yuxarıda sadalanan avadanlıqların bir çoxunun istehsalına artıq nail olub. Bu avadanlıqların bəziləri, yəni 9 ədəd su maşını və 1 ədəd yanacaq daşıyan maşın cəmiyyətin Nəqliyyat İdarəsinin ixtiyarına verilib və artıq müvəffəqiyyətlə də istismar edilir.
Bundan başqa “Azəravtoyol” ASC-nin rəhbərliyinin birbaşa nəzarəti daxili potensial hesabına reallaşdırılaraq həyata keçirilən təcrübə-sınaq layihəsi çərçivəsində hazırda bir neçə maşın-mexanizmlərdə (bitum maşını, duz-qum səpən aqreqatlar, yol təmiri maşını və s.) son tamamlama, dəqiqləşdirmə işləri görülür. İstehsalı mümkün olan digər avadanlıqlar isə layihələndirilmə mərhələsindədir.
Qeyd edək ki, yol təmiri və tikintisində lazım olan avadanlıqların ölkəmizdə istehsal olunması üçün hazırlanan təcrübə-sınaq layihəsinin məqsədi xarici komponentlərə olan asılılığı azaltmaq, bununla da dövlət büdcəsinə dəstək olmaqdır.