Bu gün Formula-1 Azərbaycan Qran-Prisinə start veriləcək

14981949452646061485_1000x669

Bu gün Bakıda Formula-1 üzrə dünya çempionatının səkkizinci – Azərbaycan Qran-Pri yarışlarına start veriləcək.

10 komandadan 21 pilotun birincilik uğrunda mübarizə aparacağı yarış trekinin uzunluğu 6 kilometrdir.

Bakı şəhər halqasında dünyanın ən məşhur pilotları – Luis Hamilton, Fernando Alonso, Sebastian Fettel, Valtteri Bottas və digərləri yarışacaqlar.

Nadir xüsusiyyətlərə sahib Bakı şəhər halqası elə qurulub ki, yarış zamanı pilotlar və milyonlarla televiziya tamaşaçıları UNESCO-nun ümumdünya mədəni irs siyahısına daxil olan İçərişəhəri, paytaxtın müasir memarlıq abidələrini və Xəzərin sahilboyu hissəsini özündə birləşdirən ecazkar mənzərəni görəcəklər.

Layihənin müəllifi bütün müasir Formula-1 treklərinin memarı olan Herman Tilkedir.

Bakı şəhər halqası şəhərin tam mərkəzindən və ən gözəl məkanlarından keçir. Təşkilatçılar trekin marşrutunu seçərkən məhz bu məqamı qarşıya məqsəd qoyublar. Bundan başqa, trekdə yarış avtomobillərinin hərəkəti saat əqrəbinin əks istiqamətində olacaq. Ümumilikdə 30 minə yaxın tamaşaçı yarışı tribunalardan canlı izləyə biləcək.

Trekin ən geniş yerinin eni 13, ən dar hissəsinin eni isə İçərişəhər ətrafında, o cümlədən 7-ci və 8-ci döngələrdə 7,6 metr təşkil edir.

Yarışın start və finiş xətti Azadlıq meydanında olacaq. Burada, həmçinin “Paddok klub”, komandaların boksları və pit-leyn qurulub.

Bu gün Formula-1 və Formula-2 üzrə sərbəst yürüşlər təşkil olunacaq. İyunun 24-də Formula-1 üzrə sərbəst və sıralama yürüşü, Formula-2 üzrə isə birinci yarış keçiriləcək. Nəhayət, sonuncu gün – iyunun 25-də Azərbaycan Qran-Pri yarışları, həmçinin Formula-2 üzrə ikinci yürüş baş tutacaq.

2017-06-23 / 10:52
Facebook