İyunun 22-də Milli Məclisin iqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclası keçirilib.
Komitənin sədri Ziyad Səmədzadə gündəlikdəki məsələlər barədə məlumat verib.
Z.Səmədzadə bildirib ki, ölkəmizdə aparılan islahatların səmərəsini artırmaq, Prezident İlham Əliyev tərəfindən müəyyən edilmiş inkişaf strategiyasının vəzifələrini həyata keçirmək məqsədilə müəyyən işlər görülür. Hazırda Azərbaycan iqtisadiyyatında müsbət dəyişikliklər özünü göstərir.
Sonra deputatlar “Azərbaycan Respublikasının 2017-ci il dövlət büdcəsi haqqında” Qanunda dəyişiklik edilməsi haqqında qanun layihəsini müzakirə ediblər.
İclasda çıxış edən maliyyə naziri Samir Şərifov bildirib ki, “Azərbaycan Respublikasının 2017-ci il dövlət büdcəsi haqqında” Qanunda dəyişikliklər edilməsi barədə qanun layihəsinə dair izahat “Büdcə sistemi haqqında” Qanunun 23.2-ci maddəsinə uyğun olaraq hazırlanıb. Nazir qeyd edib ki, bank-maliyyə sistemində dayanıqlılığın təmin olunması, ölkənin xarici və daxili borc öhdəliklərinin tənzimlənməsi və digər zəruri dövlət vəzifələrinin xərclərinə yenidən baxılması zərurəti yaranıb. Xərclərin maliyyələşdirilməsində Azərbaycan Respublikası Mərkəzi Bankının 2015-ci ilin maliyyə nəticələrinə görə əldə edilmiş mənfəətindən ayırmalardan Azərbaycan Respublikasının Vergi Məcəlləsində edilmiş dəyişikliklərə uyğun olaraq tətbiq olunan sanksiya və cərimələrin həddinin artırılması və beynəlxalq maliyyə-kredit qurumları ilə birgə həyata keçirilən infrastruktur layihələrində Azərbaycan tərəfinin iştirak payından formalaşan gəlirlər üzrə proqnozlaşdırılan daxilolmalardan, büdcə təşkilatlarının əlavə büdcədənkənar gəlirlərindən, bir sıra xərclər üzrə tətbiq edilən azalmalar hesabına yaranan sərbəst vəsaitdən, həmçinin 2017-ci il 1 yanvar tarixinə dövlət büdcəsinin vahid xəzinə hesabının qalığından istifadə olunacaq.
Nazir deyib ki, 2017-ci ilin yenidən baxılacaq dövlət büdcəsinin gəlirləri gözlənilən ümumi daxili məhsulun 25,2 faizini təşkil etməklə, mütləq ifadədə 16766 milyon manat proqnozlaşdırılır ki, bu da 2017-ci ilin təsdiq olunmuş proqnozu ilə müqayisədə 511 milyon manat və ya 3,1 faiz çoxdur. Yenidən baxılma ilə 2017-ci il dövlət büdcəsi xərclərinin 1041 milyon manat artırılaraq 17941 milyon manata çatdırılması nəzərdə tutulur ki, bu da 2017-ci il üçün təsdiq edilmiş dövlət büdcəsinin xərclərinə nisbətən 6,2 faiz çox olacaq. 2017-ci il dövlət büdcəsinə yenidən baxılma zamanı xarici dövlət borclanmasının yuxarı həddinin artırılması, yəni, “Azərbaycan Beynəlxalq Bankı” Açıq Səhmdar Cəmiyyətinin sağlamlaşdırılması tədbirləri çərçivəsində Bankın 2383,4 milyon ABŞ dolları məbləğində dövlətin üzərinə keçəcək borclarının ödənilməsi məqsədilə avrobondların emissiyası həyata keçiriləcək. Bununla əlaqədar olaraq, 2017-ci il üzrə qanunla təsdiq edilmiş xarici dövlət borclanmasının yuxarı həddi 4 milyard manat artırılaraq 4,5 milyard manata çatdırılacaq. Xərclərin artırılmasının əsas səbəbi dövlətə məxsus uşaq bağçalarının saxlanılması xərclərinin tənzimlənməsi, həmçinin şəhər və rayonlarda yeni tikilmiş uşaq bağçalarının istismara verilməsi üçün maliyyə təminatının yaradılması ilə bağlı olub.
Samir Şərifov bildirib ki, 2017-ci ilin yenidən baxılacaq dövlət büdcəsinin kəsiri təsdiq olunmuş göstəriciyə nisbətən 530 milyon manat artırılaraq 1175 milyon manat səviyyədə proqnozlaşdırılır ki, bu da cari ilin sonuna gözlənilən ümumi daxili məhsulun 1,8 faizinə bərabər olacaq.
İclasda “Reklam haqqında” və “Dövlət rüsumu haqqında” qanunlarda dəyişikliklər edilməsi barədə qanun layihələrinə də baxılıb. Qeyd olunan qanun layihələrində texniki dəyişiklər edilir.
Həmçinin iclasda yeni hazırlanmış “Hesablama Palatası haqqında” Azərbaycan Respublikasının qanun layihəsi barədə müzakirələr aparılıb.
Hesablama Palatasının sədri Vüqar Gülməmmədov layihə ilə bağlı rəy və təkliflərini bildirib.
Qeyd olunub ki, qanun 6 fəsildən, 41 maddədən ibarətdir. Bu qanun Azərbaycan Respublikası Hesablama Palatasının statusunu, fəaliyyətinin hüquqi əsaslarını, idarəetmə və təşkilati strukturunu, habelə dövlət vəsaitlərinin qanunauyğun, məqsədyönlü və effektiv istifadəsinə dövlət nəzarətinin təmin edilməsi sahəsində kənar dövlət maliyyə nəzarətinin obyektləri ilə və digər tərəflərlə münasibətlərini tənzimləyir. Hesablama Palatasının fəaliyyətinin hüquqi əsaslarını Azərbaycan Respublikasının Konstitusiyası, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələr, bu qanun və Azərbaycan Respublikasının digər normativ hüquqi aktları təşkil edir.
Müzakirə edilən məsələlər Milli Məclisin plenar iclasına tövsiyə olunub.