Formula-1 yarışları zamanı 3 marşrut xətti üzrə avtobusların iş qrafiki artırılıb.
Bu barədə Bakı Nəqliyyat Agentliyinin ictimaiyyətlə əlaqələr və maarifləndirmə şöbəsinin müdiri Mais Ağayev deyib.
O bildirib ki, Bakı Nəqliyyat Agentliyi iyunun 23-25-də Bakıda keçiriləcək Formula-1 Azərbaycan Qran-Prisi ilə əlaqədar ictimai nəqliyyatın fasiləsiz və rahat fəaliyyətini təmin etmək məqsədilə zəruri tədbirlərin icrasını davam etdirir. “Bakı Şəhər Halqası” Əməliyyat şirkətinin müraciətinə əsasən yarış günlərində keçiriləcək mədəni kütləvi tədbirlərdə iştirak edəcək şəxslərin ictimai nəqliyyatdan istifadəsini asanlaşdırmaq məqsədilə 3 marşrut xətti üzrə avtobusların 20 saatlıq iş rejimində işləməsi qərara alınıb.
M.Ağayev qeyd edib ki, iyunun 23-25-də 5, 53 və 65 nömrəli marşrut xətti üzrə avtobuslar səhər saat 06:00-dan gecə saat 02:00-dək sərnişinlərə xidmət göstərəcək. Bakı Nəqliyyat Agentliyinin müvafiq qərarının icrası ilə bağlı 5, 53 və 65 nömrəli marşrut xətlərinin müvəqqəti istismarını həyata keçirən daşıyıcılara xəbərdarlıq məktubu da ünvanlanıb.