Dubay heyrətləndirməyə davam edir

14963142211987546950_1000x669

Dubaya hər nə qədər tez-tez gəlsəniz də, hər dəfə özünüz üçün yeni nəsə kəşf edəcəksiniz. Birləşmiş Ərəb Əmirliklərinin ən gəlimli-gedimli istiqamətlərindən biri özündə az qala bütün rekordları cəmləyib: dünyanın ən uca göydələni - Bürc Xəlifə, dünyada ən iri ticarət-əyləncə mərkəzi – "Dubai Mall", adama gəl-gəl deyən süni adalar və şəhərin simasını formalaşdıran, siyahısı daim genişlənən bir çox digər obyektlər. Məsələn, son ildə Dubayın görməli yerlər kolleksiyasına dünyada ən böyük qapalı əyləncə kompleksi - "IMG Worlds of Adventure" əlavə olunub, "Dubai Parks and Resorts" tematik parkının açılması isə bu şəhəri dünyanın əyləncə mərkəzinə çevirib.

Sizi bizimlə birlikdə Dubayda yeni istirahət məkanlarına səyahətə dəvət edirik.

 

Dubayın yeni döyünən nəbzi

Üç gün gecələcəyimiz "Westin Dubai" oteli şəhərin inkişaf etməkdə olan "Al Habtoor City" rayonunda yerləşir. Əvvəllər bu rayon barədə məlumatımız az olduğu üçün geniş çeşiddə restoranlar, kafe və əyləncə obyektləri sayəsində populyar turizm mərkəzinə çevriləcəyini vəd edən bu perspektivli yer ilə tanış olmaq bizim üçün daha maraqlı idi. Başlıcası da bu idi ki, "Al Habtoor City" məşhur Bürc Xəlifə qülləsinin təqribən 2 kilometrliyində yerləşir və onları cəmi bir metro stansiyası ayırır.

Beşulduzlu supermüasir "Westin Dubai" oteli Şeyx Zayed adına mərkəzi şose ilə bir neçə əmirliyin yol qovşağının birləşdiyi yerdə süni su kanalının sahilində yerləşir. Kanalın üzərindən körpü salınıb. Axşamlar körpüdən rəngləri sayrışan işıqlandırma sistemi ilə təchiz edilmiş süni şəlalə axır. Kanaldan katerlər üzüb keçəndə şəlalə avtomatik olaraq kəsilir və gəzinti gəmilərinə yol açır.

Otel əlverişli məkanda yerləşmənin və şəhərin populyar turizm yerlərinə yaxın olmanın üstünlüyündən başqa, əla xidmətlər, o cümlədən təəssüratlarla zəngin gündən sonra turistlərin dincəlməsinə şərait yaradan nəhəng SPA-kompleks təklif edir. Maraqlıdır ki, otelin 41 mərtəbəli binası "W Dubai и The St. Regis" mehmanxana komplekslərinin lap yaxınlığında yerləşir. Bu mehmanxana kompleksləri də "Starwood" şəbəkəsinə aid olduğu üçün oteldə qalanlar qonşuluqdakı lüks otellərin hovuzlarından və restoranlarından istifadə edə bilərlər.

Bu il "Al Habtoor City" rayonunda özünə görə dünyada yeganə olan suda teatrın - "La Perle by Dragone" teatrının açılışa hazırlandığını öyrənmək də bizim üçün maraqlı oldu. Qeyd edək ki, Franko Draqone dünya şöhrətli "du Soleil" sirkinin quruluşçu rejissorlarından biridir. Maestronun yeni layihəsi tamaşaçıları heyrətləndirmək məqsədi daşıyır. 1300 tamaşaçı tutan kompleksdə 2,7 milyon litrdən çox su tutumu olan səhnə quraşdırılacaq. Səhnənin konstruksiyası onu adi meydançaya çevirməyə imkan verəcək, artistlər isə 35 metr yüksəklikdən suya baş vura və bucurğadın köməyi ilə tamaşaçıların başı üzərindən sürətlə uça biləcəklər. Doxsan dəqiqəlik şounun sınaq nümayişi bu ilin ortalarına nəzərdə tutulub. Şouda ümumən 450 aktyor iştirak edəcək.

Superqəhrəmanların əhatəsində

Biz ən çox "IMG Worlds of Adventure" qapalı tematik əyləncələr parkına getmək istəyirdik. Ötən il açılan bu park barəsində çox eşitmişdik. Dubayın mərkəzində yerləşən park təqribən 140 min kvadratmetr sahəni əhatə edir. Mərkəzdə bir dam altında dörd fərqli dünya təqdim olunub: "Cartoon Network", "Marvel", "Lost Valley - Dinosaur Adventure" dinozavrlar parkı və "IMG Boulevard".

"Al Habtoor City" rayonundan parka qədər taksi ilə yarım saatlıq yoldur. Biletləri kassadan və ya qabaqcadan mərkəzin rəsmi saytından əldə etmək olar. Böyüklər üçün biletlərin qiyməti 300 dirhəm (82 dollar), uşaqlar üçün 250 dirhəmdir (68 dollar).

Biz 200-dən çox attraksionun, o cümlədən Amerika təpəciklərinin, canlı şouların və 5D-kinoteatrda seansların təqdim olunduğu əyləncə imkanları ilə tələsmədən tanış olmaq üçün parka düz onun açıldığı vaxtda – səhər saat 11-də gəldik.

Nə deyə bilərik? Park həqiqətən güclü təəssüratlar oyadır və bura gələnlər dərhal müasir nağıllar aləminə düşürlər. Bu aləmdə hazırda dünyada ən çox tanınan personajlar və superqəhrəmanlar hökmranlıq edirlər. Məsələn, "Marvel" zonasında hər addımbaşı qarşımıza Dəmir Adam, Tor, Kapitan Amerika və ya Halka çıxırdı. Onların hamısını "Qisasçılar: Altronun savaşı" attraksionunda görmək olar. Bu attraksiona gələnlər sanki heyəti məkrli cani Altronla döyüşən "Quinjet" təyyarəsinin sərnişinlərinə çevrilirlər. Tamaşaçıları hər tərəfdən əhatə edən mənzərəli 3D-video onları hadisələrin iştirakçısına çevirən qeyri-adi effekt yaradır.

Dörd yüz metrlik "Hörümçək-adam" təpəcik attraksionu cəsur müsafirləri "Marvel" studiyasının məşhur tor atanı, Nyu-York şəhərini qorxunc Doktor Oktaviusun cəngindən xilas etməyə çalışan Hörümçək-adamla birlikdə şəhərin göydələnləri üzərindən uçuracaq.

Parkın "Cartoon Network" adlı daha bir zonası dünya şöhrətli telekanalın pərəstişkarları üçün nəzərdə tutulub. "Ben-10" 5D kino-attraksion burada yerləşir. "Ben-10" müxtəlif duyğu orqanlarını işə salaraq ürəyi tez-tez döyünməyə məcbur edir.

Qeyri-adi "Qambola" attraksionu ayrıca söhbətin mövzusudur: burada fanatlar Qambola ilə Darvinin məktəb üçün elmi layihəsinin nəzarətdən çıxdığı Elmor şəhərciyini əyani görə bilərlər. İştirakçılar dostları ilə birlikdə distant interaktiv oyun oynayaraq, canlanan və bütün şəhəri ələ keçirməyə çalışan əşyaları güllə ilə vura birlərlər.

Nəhayət, parkın "İtirilmiş dünya" adlanan ən ekstremal zonası dinozavrlarla macəraları nəzərdə tutur. Heyrətamiz "Velotsiraptor" attraksionu məhz burada yerləşir. Uzunluğu 1,1 kilometr olan bu Amerika təpəciyi attraksionu sərnişinləri Dubay səhrasında itib-batmış dünyanın tarixdən əvvəlki cəngəlliklərindən saatda 100 kilometr sürətlə 2,5 saniyə ərzində keçirərək geri qaytarır.

Dinozavr həvəskarları "Qadağan edilmiş ərazi" adlanan safari-attraksiondan da zövq alacaqlar. Bu attraksion tarixdən qabaq mövcud olmuş real böyüklükdə 70 dinozavrla məskunlaşmış cəngəlliklərin içinə aparır.

Mənzərəni "Yırtıcı" attraksionu tamamlayır: burada hətta ən cəsarətli adrenalin ovçularının ürəyi ağzına gələcək. Bu qüllədən düşmə "vertikal həddinin hüdudlarından kənarda" hissləri vəd edir. Yaxın Şərqdə ikinci belə attraksion tapmaq mümkün deyil.

"IMG Boulevard" adlanan dördüncü zona ən sakit zonadır. Nəfəsini dərmək istəyənlər buradakı çoxsaylı kafe və restoranlardan birini seçə, firma mağazalarına və suvenir dükanlarına baş çəkə, yaxud sadəcə oturub animatorların və küçə artistlərinin adama rahatlıq gətirən çıxışlarının təsiri altında istirahət edə bilərlər.

 

İnsan əli ilə yaradılmış Atlantida

Ötən il Dubayda "Motiongate", "Legoland" parklarını və dünyada "Bollivud"a həsr olunmuş ilk tematik parkı – "Bollywood Parks"ı özündə cəmləmiş daha bir möhtəşəm kompleks – "Dubai Parks and Resorts" açılıb. Amma bu komplekslə tanış olmağı başqa vaxta saxlamaq qərarına gəldik, çünki səfərimizin proqramına daha bir diqqətəlayiq obyekt – "Atlantis, The Palm" daxil edilmişdi.

Yəqin çoxları bilir ki, Dubayda süni adalar yaradılıb. Söhbət palma formasında üç adanı - "Palma Cümeyra", "Palma Cəbəl Əli" və "Palma Deyra" adalarını birləşdirən bütöv bir arxipelaqdan gedir. Adalar arasında xırda adalardan ibarət "Dünya" və "Kainat" adlanan süni arxipelaqlar da yerləşir.

Hazırda bu adalardan yalnız biri – "Palma Cümeyra" tam qurulub və məskunlaşıb. Adada yaşayış kompleksləri, kurort otelləri və burada ilk açılmış otel kompleksi - "Atlantis, The Palma"ya (yəni Atlantida) məxsus olan möhtəşəm "Aquaventure Waterpark" akvaparkı yerləşir. Biz də elə ora yollanırıq.

Dubaydan bura ya monorels adlanan qatarda (o, sizi birinci stansiyasından tutmuş sonuncu stansiyaya qədər "Palma Cümeyra" boyunca gəzdirəcək), ya da taksi ilə gəlmək olar. "Atlantis, The Palma" otelində nə az, nə çox 1539 otaq, o cümlədən pəncərələri nəhəng akvariuma açılan sualtı nömrələr var. Oteldə qalanlar bu pəncərələrdən sualtı aləmi seyr edə bilərlər. Onun sakinlərinin sayı 65 mindən çoxdur.

Amma bizi daha çox 17 hektar ərazidə yerləşən, 18 milyon litrdən çox su tutumu olan "Aquaventure Waterpark" akvaparkı maraqlandırırdı. Bunun sayəsində "Aquaventure Waterpark" Yaxın Şərqdə və Avropada ən böyük akvaparkdır. Akvaparkda iki qüllədə cəmləşən 11 ekstremal təpəcik attraksionu və 2,3 metr uzunluğunda süni çay yerləşir.

İlk işimiz 30 metr hündürlüyündə “Neptun” qülləsinə yollanmaq olur. Köpək balıqları ilə dolu laquna yerləşdirilmiş şəffaf tuneldən, demək olar, vertikal düşmə attraksionu- “The Leap of Faith” (Taleyüklü tullanma) burada yerləşir. Bundan əlavə, bütün park boyu çəkilmiş tunellərdə su şırnaqlarının üzərindən sürətlə keçib getməyə imkan verən təzyiqin yaradılması üçün innovativ texnologiyalardan istifadə olunan dörd təpəcik attraksionu da burada yerləşir.

Amma ən ekstremal təpəcik attraksionları “Poseydon” qülləsində cəmləşib. "Poseidon's Revenge" (Poseydonun qisası) adlanan attraksion 20 metr hündürlükdən şaquli vəziyyətdə enməni nəzərdə tutur. Rəqiblərin sürət yarışına çıxmasına imkan verən "Slitherine" attraksionu dünyada ilk ikiqat su təpəciyi attraksionudur. Dünyanın ən böyük su təpəciyi attraksionu "Aquaconda" , habelə Yaxın Şərqdə ən uzun ziplayn (akvapark ərazisi üzərindən sürətlə hərəkət etməyə imkan verən buraz) da burada yerləşir

Bəzi attraksionlara təkrar-təkrar qayıtmaq istəyirsən. Buna görə də akvaparka səhər saatlarında gəlmək lazımdır, çünki qaş qaralan kimi park bağlanır, burada isə vaxt bir göz qırpımında ötüb keçir. Akvaparka biletin qiyməti böyüklər üçün 320 dirhəm (88 dollar), uşaqlar üçün 275 dirhəmdir ( 75 dollar). Qiymət mövsümdən asılı olaraq dəyişir. Yeri gəlmişkən, Dubay sakinləri və rezident vizası olanlar üçün 40 faiz məbləğində güzəşt nəzərdə tutulub.

Qarnını doydurmaq üçün akvaparkda onlarca kafe və restoran var. Biz ən populyar restoranlardan birini – geniş çeşiddə ət və balıq yeməkləri, pittsa, şaurma, falafeya, kartof-fri və ləzzətli dondurma təklif edən "Barracudas” restoranını seçdik.

Qeyd edək ki, akvapark ərazisində Yaxın Şərqdə yeganə olan dəniz şirlərinı müşahidə mərkəzi və delfinari yerləşir. Bura əlavə ödəniş etməklə və qabaqcadan yazılmaqla girmək olar. mərkəzdə heyvanlarla ünsiyyətdə olmaq, təlimatçının müşayiəti ilə onlarla birlikdə suya dalmaq, şəkil çəkdirmək imkanı yaradılır. Əlavə ödənişlə içərisində akulalar olan akvariuma baş vurmaq (dayvinq) və ya skatları yemləmək də olar. Yəni "Atlantis, The Palma" hər kəsin öz zövqünə görə əyləncə tapa biləcəyi bir məkandır.

2017-06-02 / 17:52
Facebook