Vüqar Gülməmmədov: 2016-cı il üzrə 117 dövlət qurumundan hesabatlar alınıb


1496221186862725436_1000x669

2016-cı il üzrə 117 dövlət qurumundan hesabatlar alınıb və 10,5 milyard manatlıq vəsaitin icra vəziyyəti təhlil edilib.

Bu fikirləri Milli Məclisin bu gün keçirilən plenar iclasında Hesablama Palatasının sədri Vüqar Gülməmmədov “2016-cı il üçün dövlət büdcəsinin icrası haqqında” qanun layihəsi və dövlət büdcəsinin icrasına dair illik hesabata rəhbərlik etdiyi qurumun rəyi haqqında məlumat verərkən bildirib.

V.Gülməmmədov deyib ki, 2016-cı ildə dövlət büdcəsinin gəlirləri 104,1 faiz icra edilib. 2015-ci illə müqayisədə ümumilikdə qlobal makroiqtisadi tərəddüdlər fonunda büdcə gəlirlərində azalmanın olmaması, hətta az da olsa artım müşahidə edilməsi aparılan islahatların təzahürü kimi qiymətləndirilməlidir. Hesabat ilində büdcə-vergi siyasəti çərçivəsində müəyyən edilmiş hədəflər əsasən yerinə yetirilsə də, səhmlərində dövlətin payı olan müəssisələrdən alınan dividendlər üzrə daxilolmalarda proqnoza qarşı 11,7 faiz və ya ən aşağı icra səviyyəsi müşahidə olunub, dövlət torpaqlarının icarəyə verilməsindən əldə olunan gəlirlərin büdcəyə daxilolma əmsalının artırılması ilə bağlı hədəf tam yerinə yetirilməyib. Belə ki, bu istiqamət üzrə daxilolmaların həcmi 2015-ci illə müqayisədə 22,5 faiz az olub.

Hesablama Palatasının sədri bir sıra tədiyyə növləri üzrə icra səviyyəsinin müvafiq makrogöstəricilərlə uzlaşmadığını, tədiyyə növləri üzrə icra göstəricilərinin fərqlənməsinə əsasən proqnozların əsaslılıq səviyyəsi, inzibatçılıq və hesabatlılıq amillərinin təsir göstərdiyini qeyd edib. O, 2016-cı ildə Azərbaycanda mal, iş və xidmətlərə görə əlavə dəyər vergisi və mənfəət vergisi üzrə icra səviyyəsinin 90 faiz təşkil etməsinin dövlət büdcəsinin bu mənbədən gəlirlərini formalaşdıran əsas makroiqtisadi göstəricilərin müsbət meyillərinin müşahidə olunduğu, o cümlədən ölkədaxili ümumi istehlak dövriyyəsinin nominal ifadədə 14,3 faiz artması şəraitində baş verdiyini vurğulayıb.

“Eyni zamanda, idxal olunan yanacağa görə yol vergisinin 57,8 dəfə, vahid xəzinə hesabının qalığının istifadəsi və idarəetməyə verilməsindən nəzərdə tutulduğundan 6,4 dəfə, muzdlu işə aid olmayan fəaliyyət üzrə gəlirlərin 3 dəfə çox, eləcə də proqnozlaşdırılmayan bəzi mənbələr üzrə vəsait daxil olması bu mənbələrin hesablanma bazasının bir daha dəqiqləşdirilməsini və əsaslı yanaşmaların tətbiqini zəruri edir. Əvvəlki illərdə olduğu kimi, hesabat ilində də dövlət büdcəsinin gəlirlərinə təsir edən əsas amillərdən biri də artıqödəmə və borc məbləğləri olub. 2016-cı ilin sonuna Vergilər Nazirliyinin xətti ilə vergi və digər icbari ödənişlər üzrə dövlət büdcəsinə yaranan artıqödəmə məbləği 2015-ci illə müqayisədə 18,2 faiz artıb, ümumi artıqödəmə məbləğinin dövlət büdcəsinə təmin edilən gəlirlərə qarşı xüsusi çəkisi də 2015-ci ilə nisbətən 5,8 faiz bəndi artıb. Dövlət büdcəsinə olan borcların həcmi isə 2016-cı il ərzində bütün əsas parametrlər üzrə azalaraq ilin sonuna ümumilikdə 1,4 milyard manat təşkil edib və azalmanın 55,6 faizi verginin əsas məbləği, 39,7 faizi faiz borcları və 4,7 faizi isə maliyyə sanksiyaları ilə bağlı olub”, - deyə V.Gülməmmədov vurğulayıb.

Hesablama Palatasının sədri hesabat ilində dövlət büdcəsinin xərcləri ilə bağlı əsas meyilləri diqqətə çatdıraraq 2016-cı ildə dövlət büdcəsinin xərclərinin 17751,3 milyon manat təşkil etməklə 96 faiz icra edildiyini bildirib. O, proqnozlaşdırılmış məbləğlə müqayisədə icra edilməmiş büdcə xərclərinin 743,7 milyon manat təşkil etdiyi, həmin məbləğin 42,7 faizinin əsaslı xərclərin üstünlük təşkil etdiyi “Sənaye, tikinti və faydalı qazıntılar” bölməsinin, 14,2 faizinin isə “Ümumi dövlət xidmətləri” bölməsinin payına düşdüyünü deputatların diqqətinə çatdırıb. İqtisadi təsnifata gəldikdə isə, hesabat ilində icra edilməmiş büdcə xərclərinin 43,4 faizinin qeyri-maliyyə aktivlərinin alınması, 18,2 faizi “Digər xərclər” bölməsi, 16 faizi isə malların və işlərin alınması ilə bağlı olduğu vurğulanıb.

2017-05-31 / 14:06
Facebook