İyul ayının ilk hərracına 122 dövlət əmlakı çıxarılıb


14961990155039742404_1000x669

Əmlak Məsələləri Dövlət Komitəsi (ƏMDK) tərəfindən iyulun 4-də dövlət əmlakının özəlləşdirilməsi üzrə yeni hərrac elan edilib. Hərraca çıxarılan 122 dövlət əmlakından 26-sı kiçik dövlət müəssisə və obyekti, 76-sı istifadəsiz qeyri-yaşayış sahəsi, 20-si isə səhmdar cəmiyyətləridir.

Komitədən bildirilib ki, hərraca çıxarılan səhmdar cəmiyyətləri sırasında pambıqçılıq, quşçuluq, kəndkimya, nəqliyyat, inşaat, təmir, ticarət, istehsal, emal və sair sahələrə aid müəssisələr vardır. Belə səhmdar cəmiyyətlərə “Ağcabədi Aqrotexservis”, “Astara çay-3”, “Yevlax Yun”, “Xaçmaz Mexanizasiya Nəqliyyat“, “Şıxlar Broyler”, “Mingəçevir Qum-Çınqıl” və digər bu kimi səhmdar cəmiyyətlər aiddir.

Hərraca çıxarılan səhmdar cəmiyyətlərin nizamnamə kapitalı 53 min 750 manatla 2 milyon 391 min manat arasında dəyişir. Bu kateqoriyaya aid edilənlər arasında səhmləri özəlləşdirməyə çıxarılan ilkin start qiyməti ən çox olan əmlak “Yevlax Yun“ ASC-dir. Bu əmlakın səhminin 20 faizi 240 min manata yaxındır. Bundan əlavə, qiyməti digərlərindən fərqlənən əmlak “Mingəçevir Qum-Çınqıl” ASC-dir. Həmin əmlakın səhmi isə 156 min manata yaxın təklif olunur. Hərraca çıxarılan kiçik dövlət müəssisəsi və obyektləri məişət, iaşə, qida, toxuculuq, təmir, sənaye, nəqliyyat və digər sahələrinə aiddir. Bu əmlaklar paytaxtla yanaşı, Gəncə, Şirvan, Balakən, Zaqatala, Lənkəran, Sumqayıt və digər şəhər və rayonlarda yerləşir. Özəlləşdirilən əmlakların ümumi faydalı sahəsi 24 kvadratmetr ilə 147 min kvadratmetr arasında dəyişir. Hərracda ən yüksək qiymətə özəlləşdirməyə açıq elan edilən kiçik dövlət müəssisəsi Zaqatala Barama Toxumu Zavodudur. Həmin əmlak 283 min 750 manata təklif edilir. Torpaq sahəsi 18 min 350 kvadratmetr, ümumi faydalı sahəsi isə 3 min 881 kvadratmetr təşkil edir. Qeyd edək ki, əmlak torpaq sahəsi ilə birgə özəlləşdirməyə çıxarılır. Sumqayıt şəhərində yerləşən 22 saylı mağaza 218 min manata yaxın, Şirvanda yerləşən Yardımçı Təsərrüfat 157 min 500 manata təklif olunur.

Özəlləşdirilməyə açıq elan edilən istifadəsiz qeyri-yaşayış sahəsindən 64-ü paytaxtda, qalanları isə respublikanın digər rayon və şəhərlərində yerləşir.

Vətəndaşların və potensial investorların hərracda əmlaka yiyələnməsi üçün cəmi 2 sadə prosedur keçmələri kifayət edir. Bunun üçün “privatization.az” portalına daxil olub, əmlakı seçib sifariş vermək və 10 faiz məbləğində behi elektron qaydada ödəmək yetərlidir. Elektron sifarişlər hərracın keçirilməsinə 3 bank günü qalanadək verilməlidir.

Hərrac barədə ictimai məlumatlandırma özəlləşdirmə portalı ilə bərabər, həm komitənin rəsmi saytı, həm də komitənin “facebook”dakı rəsmi səhifəsi və “privatization.az” səhifəsi vasitəsilə aparılır.

Bundan əlavə, komitənin özəlləşdirmə portalında onlayn məsləhət pəncərəsi vasitəsilə hərraclar və əmlaklar barədə suallar cavablandırılır. Bununla yanaşı, dövlət əmlakının özəlləşdirilməsi ilə bağlı elanlar, habelə hərraclarda iştirak qaydaları barədə məlumat komitənin rəsmi mətbuat orqanı olan “Mülkiyyət” qəzetində dərc edilir.

Hərraca çıxarılan əmlaklara istənilən şəxs, investorlar sifariş verə bilər. Ziyarətçilər isə özəlləşdirmə portalında sifariş verdiyi əmlakla bağlı məlumatlarla tanış ola bilərlər. Əmlakın adı, ünvanı, sahəsi, ilkin start qiyməti və digər informasiyalar portalda yerləşdirilib.

ƏMDK yerli və xarici investorları, sahibkarları, iş adamlarını və mülkiyyət sahibi olmaq istəyən hər bir kəsi özəlləşmədə fəal iştirak etməyə dəvət edir.

2017-05-31 / 09:40
Facebook